Elektron Kredit Platforması üzərindən 90 milyon manat kredit verilib
- 14 oktyabr, 2020
- 07:41
Bu günə qədər İqtisadiyyat Nazirliyinin Elektron Kredit Platforması (www.e-edf.gov.az) üzərindən, kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes krediti üçün 3 000-ə qədər müraciət qeydiyyata alınıb.
Bu barədə "Report”a nazirlikdən bildirilib.
Məlumatda deyilir ki, artıq 346 müraciət üzrə ümumi həcmi 90 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək.
Biznes kreditlərinin bu elektron sistemlə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər - biznes kreditləri üçün onlayn rejimdə müraciət, bu müraciətlərə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılması, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi kimi imkanlar yaradır.