Bakı. 19 avqust. REPORT.AZ/ ABŞ-ın Pebbl-Biç şəhərindəki nüfuzlu "Concours d'Elegance" sərgisində "Sotheby's" hərrac evinin keçirdiyi hərrac zamanı dünyada ən bahalı avtomobil kolleksiyası satılıb. "Report"un "İnterfax"a istinadən verdiyi xəbərə görə, bu barədə "BoldRide" nəşri yazır.
İlkin olaraq kolleksiya 65 mln. dollar dəyərində qiymətləndirilib. Nəticədə 22 unikal avtomobil hərracda 67 mln. dollara satılıb (kolleksiyadan 3 maşın öz alıcısını tapmayıb). Təqdim olunmuş nümunələri kolleksiyanı satan ABŞ vətəndaşı onilliklər ərzində toplayıb.
Hərracda satılan ən bahalı maşın 1964-cü il buraxılışlı "Ferrari 250 LM" olub. Belə ki, bu model 17,6 mln. dollara satılıb. Bahalığına görə ikinci yeri dünyada 5 ədəd olan "McLaren F1" modelinin LM versiyası tutub. 1998-ci il buraxılışlı avtomobil 13,75 mln. dollara satılıb.
Eyni zamanda, kolleksiyaya dünyada cəmi 300 ədəd olan "Bugatti Veyron", 20 avtomobildən biri olan "Lamborghini Reventon", nadir "Porsche 959", İsveçrənin "Koenigsegg CCXR" və Böyük Britaniyanın "Jaguar" avtomobilinin XJ220 modeli daxil olub.