Azərbaycanın əmək bazarında ciddi qeyri-bərabərlik mövcuddur.
"Report" xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində hazırladığı "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması" adlı hesabatda bildirilir.
Sənədə əsasən, qadınların 62 %-i, kişilərin isə 75 %-i işçi qüvvəsi kimi çıxış edir, qadınların 58 %-i, kişilərin isə 71 %-i məşğul əhali hesab edilir.
"Ən kəskin gender fərqi müəyyən sektor və peşələr üzrə müşahidə edilir: qadınlar qeyri-mütənasib olaraq daha az maaş alan sektorlarda və peşələrdə cəmləşiblər. Məsələn, qadınlar təhsil, səhiyyə, sosial iş və digər xidmət sahələrində çalışanların böyük hissəsini təşkil edir ki, bu da bir çox hallarda nisbətən aşağı əməkhaqqı ilə nəticələnir", - deyə hesabatda qeyd olunub.
Qeyd edilib, əmək bazarının bu cür dinamikası milli səviyyədə genderə görə maaş fərqinə nəzərəçarpacaq dərəcədə təsir edir. Orta hesabla 2022-ci ildə qadınların aylıq nominal əməkhaqqı kişilər ilə müqayisədə 33 % az olub. Bu da qadınların daha az maaş alan sektorlarda və peşələrdə qeyri-mütənasib cəmləşməsini, eləcə də idarəetmə rollarında az təmsil olunmasını əks etdirir.
Bundan başqa, sənəddə deyilir ki, Azərbaycan qanunvericiliyi qadınlar va kişilər üçün bərabər imkanları dəstəkləyir: "Qadınların əmək hüquqları Konstitusiya və Əmək Məcəlləsi ilə qorunur. Konstitusiya gender əsaslı ayrı-seçkiliyi açıq şəkildə qadağan edir, kişilər və qadınlar üçün bərabər hüquq və azadlıqları təsdiq edir, azad peşə seçmək, təhlükəsiz şəraitdə işləmək və heç bir ayrı-seçkilik olmadan əməyinin qarşılığını almaq hüququnu vurğulayır. 2022-ci ildə Azərbaycan hökuməti bir sıra əsas sənaye sahələrində qadınların müəyyən vəzifələrdə işləməsinə qoyulan məhdudiyyətləri ləğv edib. Əvvəllər Əmək Məcəlləsinin 241-ci maddəsi və Nazirlər Kabinetinin 170 nömrəli qərarı ilə qadınların kənd təsərrüfatı, tikinti, nəqliyyat, energetika, istehsalat kimi sektorlar üzrə 674 peşədə işləməsini qadağan idi. Belə ki, qadınların yük vaqonlarında konduktor, qatar mühəndisi, 14-dən çox oturacaq yeri olan avtobusların sürücüsü, o cümlədən asfalt çəkmə, dülgərlik və energetika sahəsində müəyyən vəzifələrdə işləməsi qadağan olunurdu. Bununla belə, Dünya Bankının dəstəklədiyi araşdırmadan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci ilin noyabrında Əmək Məcəlləsinə bəzi dəyişiklikləri təklif edib. Bu dəyişikliklərlə hamilə olmayan və süd verməyən qadınlar üçün 674 iş üzrə bütün məhdudiyyətləri ləğv edilib".
Vurğulanır ki, Azərbaycanda qadınların məşğulluq seçimlərinə təsir etməkdə ailə dəstəyi xüsusilə mühüm rol oynayır. Bir çox ailələr çox vaxt ənənəvi olaraq kişilərin əksəriyyət təşkil etdiyi sahələrdə çalışmaq istəyən qadınları dəstəkləmir, əksinə onları müəyyən gender normalarına uyğun karyera qurmağa, məsələn ailəyə uyğun iş saatları olan peşələrdə işləməyə təşviq edir. Bundan əlavə, nəqliyyat kimi ənənəvi olaraq kişilərin əksəriyyət təşkil etdiyi sənayelərdə həddindən artıq fiziki əmək tələb etdiyi və təhlükəsiz olmadığına dair davamlı təsəvvür mövcuddur. Həm real, həm də təxəyyüldə olan fiziki, psixoloji zorakılıq və cinsi qısnama məsələləri də daxil olmaqla təhlükəsizlik və rifahla bağlı narahatlıqlar qadınların bu iş yerlərinə daxil olmaqda üzləşdiyi çətinlikləri artırır.