Dövlət Vergi Xidmətinin rəsmisi: "İqtisadi tənzimləmədə aktiv iştirakçıyıq”
- 25 fevral, 2022
- 08:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Vergi Xidməti təkcə fiskal funksiyasını yerinə yetirmir, eyni zamanda iqtisadi tənzimləmədə də aktiv iştirak edir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib.
O, bu barədə təmsil etdiyi qurumun sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda danışıb.
"Vergi qanunvericiliyə dəyişikliklər hazırlanarkən qarşımızda bir sıra tapşırıqlar əsas hədəf kimi qoyulub, iqtisadiyyatın şaxələndirilməsinə vergi subyektləri üçün əlverişli mühitin yaradılmasına, əhalinin maliyyə-vergi yükünün azaldılmasına, eyni zamanda "Kölgə iqtisadiyyatı" ilə sistemli mübarizəyə xidmət edən dəyişikliklər prioritet götürülüb.
Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətlərindən biri biznes mühitinin dəstəklənməsidir. Bu baxımdan kənd təsərrüfatı məhsullarının ticarəti üzrə bütün həlqələrdə əlavə dəyər vergisinin məhz ticarət əlavəsinə hesablanması xüsusi qeyd olunmalıdır. Bu dəyişiklik aqrar məhsul təchizatçısı olan şəxslərin əlavə dəyər vergisi (ƏDV) yükünün minimallaşmasına, habelə məhsulun yekun qiymətinin azalmasına imkan yaradıb. Bundan başqa, nəqliyyat-ekspedisiya xidmətlərinə görə də ƏDV-yə cəlbetmə 0 %-dir".