Deputat: “BRICS Azərbaycan sahibkarlarına ixrac baxımdan yeni imkanlar yaradır”

Deputat: “BRICS Azərbaycan sahibkarlarına ixrac baxımdan yeni imkanlar yaradır” BRICS kifayət qədər geniş coğrafiyanı əhatə etdiyindən bu Azərbaycan sahibkarları üçün ixrac baxımdan yeni imkan kimi dəyərləndirilib.
Biznes
24 Oktyabr , 2024 11:14
Deputat: “BRICS Azərbaycan sahibkarlarına ixrac baxımdan yeni imkanlar yaradır”

BRICS kifayət qədər geniş coğrafiyanı əhatə etdiyindən bu Azərbaycan sahibkarları üçün ixrac baxımdan yeni imkan kimi dəyərləndirilib.

Bu barədə "Report"a Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, dünya əhalisinin 45 %-nin məskunlaşdığı BRICS ölkələri hazırda qlobal iqtisadiyyatın 37,4 %-ni formalaşdırır. “Bu, illik 29 trilyon ABŞ dollarına yaxın ümumi daxili məhsul (ÜDM) deməkdir. BRICS artıq qlobal gücə çevrilib. Belə ki, əgər 1992-ci ildə hazırda BRICS-ə üzv olan ölkələrin qlobal iqtisadiyyatda payı 16,7 %, "Böyük Yeddilik" (G7) dövlətlərinin qlobal ÜDM-də çəkisi 45,5 %-idisə, ötən müddətdə G7-nin qlobal payı 29 %-dək azalıb. 2009-cü ildə yaradılan BRICS ona olan üzv ölkələr üçün inkişaf baxımdan yeni imkanlar yaratdı”.

BRICS-lə əməkdaşlığın genişləndirilməsinin Azərbaycana yaradacağı imkanlardan söz açan deputat diqqətə çatdırıb ki, bu, həm qeyri-neft ixracatının artırılması, həm də fərqli iqtisadi sahələrdə birgə layihələrin reallaşması baxımdan vacibdir: "BRICS kifayət qədər geniş coğrafiyanı əhatə etdiyindən bu Azərbaycan sahibkarları üçün ixrac baxımdan yeni imkan kimi dəyərləndirilib. Digər tərəfdən, həmin dövlətlərdə Azərbaycanın qeyri-neft məhsullarına xüsusi tələbi də vardır. Eyni zamanda, BRICS ölkələri ilə turizm sahəsində əməkdaşlıq son illər daha güclənib. Bu ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Çindən - 1,9 dəfə, İrandan - 38,4 %, Misirdən - 20,1 %, Rusiyadan - 18,4 % artıb. Bu sahədə daha geniş əməkdaşlıq imkanları və potensial var".

Onun sözlərinə görə, BRICS-lə əməkdaşlığın güclənməsi Azərbaycan üçün, həmçinin öz iqtisadi potensialını təqdim etmək baxımdan da bir imkandır: "Bu aspektdən, bu əməkdaşlıq ölkəmizə yeni iqtisadi dividendlər qazandırır. Bu il üçün də ümumən sərmayə qoyuluşunun həcminin artırılmasına nail olmaq, o cümlədən investisiya portfelində qeyri-neft sektoruna yönəldilən xarici sərmayələrin payının artırılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Bu baxımdan BRICS ölkələrindən yeni sərmayələrin cəlbi imkanları yüksək qiymətləndirilir. BRICS-lə əməkdaşlığın güclənməsi yeni dövrün yeni hədəflərinin daha tez və səmərəli reallaşmasına töhfədir".

Qeyd edək ki, 2006-cı ildə yaradılan BRICS hazırda özündə 9 ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası qurumdur.

Son xəbərlər

Orphus sistemi