DEİK sədri: "Türk investorlarını Qarabağa yönəltmək üçün çalışırıq" - EKSKLÜZİV

DEİK sədri: "Türk investorlarını Qarabağa yönəltmək üçün çalışırıq" - EKSKLÜZİV Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard ABŞ dolları məbləğində investisiya qoyub
Biznes
9 Aprel , 2021 16:35
DEİK sədri: Türk investorlarını Qarabağa yönəltmək üçün çalışırıq - EKSKLÜZİV
Selçuk Akat

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində insan və investisiya axınının olacağı gözlənilir".

Bunu “Report”a Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının sədri Selçuk Akat deyib.

S.Akat bildirib ki, həmin ərazilərdə insan və investisiya axını müharibə nəticəsində dağılmış ərazilərin bərpa edilməsindən, məskunlaşma və iqtisadi fəaliyyət üçün lazımi infrastruktur yaradılmasından, həmin ərazilərin müasir Azərbaycan şəhərləri ilə eyni səviyyəyə çatdırılmasından sonra reallaşacaq : "Bu istiqamətdə türk investorlarını Qarabağa yönəltmək üçün çalışırıq”.

O deyib ki, Azərbaycanın Milli Ordusu uzun illər Ermənistanın işğal altında saxladığı torpaqlarını geri qaytarıb: “Qafqazdakı yeni siyasi reallıq Türkiyə ilə Azərbaycanın 4,5 milyard ABŞ dolları dəyərində olan ticarət dövriyyəsinin həcmini asanlıqla 15 milyard ABŞ dolları səviyyəsinə çatdırmasına şərait yaradacaq. Belə ki, Azərbaycanla Türkiyə ticarət dövriyyəsini bu həddə çatdırılması ilə bağlı qarşılarına əsas hədəf olaraq qoyub”.

S.Akatın sözlərinə görə, türk podratçıları Azərbaycanda bu günə qədər 15 milyard ABŞ dolları dəyərində 436 layihəni uğurla tamamlayıblar: "Türk şirkətləri işğaldan azad edilmiş ərazilərdə avtomobil yolları və hava limanının inşası ilə bağlı işlərə başlayıb. Bununla yanaşı, özəl banklardan biri Qarabağda şöbə açacağını elan edib”.

O vurğulayıb ki, Qarabağ yeraltı və yerüstü sərvətləri ilə zəngindir: “Faydalı qazıntı yataqlarının istismarı üçün sərmayələr qoyaraq, mənbələrdən ən səmərəli şəkildə bəhrələnmək ölkənin və bölgənin iqtisadiyyatına töhfə verə bilər”.

“Həmçinin Qarabağ yüksək turizm potensialına sahibdir. Yeraltı və yerüstü mənbələri və su ehtiyatları ilə zəngin bölgədir. Bu isə turizm üçün yeni imkalar açır”, - deyə S.Akat bildirib.

Xatırladaq ki, indiyə qədər Türkiyə Azərbaycan iqtisadiyyatına 13 milyard ABŞ dolları, Azərbaycan isə Türkiyə iqtisadiyyatına 19 milyard ABŞ dolları məbləğində investisiya qoyub.

Son xəbərlər

Orphus sistemi