Bakı. 21 yanvar. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ölkələri öz aralarında ticarət əməliyyatları üçün xüsusi ödəmə kartı təsis ediblər.
“Report” AA-ya istinadən xəbər verir ki, bu barədə D-8-in Baş katibi Dato Ku Cəfər Ku Şəəri məlumat verib.
O, “D8P Card” yaratmaq fikrinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin oktyabr ayında keçirilən D-8-in zirvə görüşü zamanı həmin ölkələr arasında ticarət əməliyyatlarını milli valyutalarda aparmaq çağırışından sonra ortaya çıxdığını qeyd edib: “Bu kart vasitəsilə D-8 ölkələrinin sakinləri ticarəti milli valyutalarda apara biləcəklər”.
Dato Ku Cəfər Ku Şəəri 2019-cu ildə başlıca hədəflərinin üzv ölkələr arasında enerji əməkdaşlığının inkişafı olduğunu vurğulayıb: “D-8 ölkələri arasında enerji ehtiyatlarının bölüşdürülməsi və ötürülməsi məsələsi üzərində çalışmağa davam edirik”, - deyən Baş katib turizm sahəsində də əməkdaşlığın daha da inkişaf etdirilməsinə ciddi diqqət yetirildiyini dilə gətirib.
Qeyd edək ki, 1997-ci ildə Türkiyənin həmin vaxt Baş naziri olmuş Nəcməddin Ərbakanın təşəbbüsü ilə yaradılan İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyədir.