“Buglance” layihəsi “Gulf Capital SME Awards 2019”un finalına vəsiqə qazanıb

Biznes
  • 08 avqust, 2019
  • 13:49
“Buglance” layihəsi “Gulf Capital SME Awards 2019”un finalına vəsiqə qazanıb

“Buglance” layihəsi “Gulf Capital SME Awards 2019”un ilin startap biznesi nominasiyasında finala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, “Buglance”nin təsisçisi və baş direktoru Toğrul Səməd də ilin sahibkarı nominasiyasında finala çıxıb.

Sözügedən mükafatın sayca 7-ci dövrəsinə iddia edən 300-dən artıq kiçik və orta sahibkarlıq nümayəndəsi arasından 86 şirkət 16 nominasiyada yekun siyahıya salınmışdı. Həmin 86 şirkətin hər biri final mərhələsində dünya və regionun ən uğurlu müəssisələrini, aidiyyəti hökumət idarələrini, nüfuzlu şəxsləri təmsil edən 30-dan artıq müstəqil münsifin qarşısına çıxacaq.

Mükafat həmçinin “Grant Tornton” konsaltinq şirkəti tərəfindən də müstəqil audit yoxlamasından keçir. Bu da regionda hər hansı təltif proqramına maksimum etimadı təmin etməyə yönəlir. MEED tərəfindən 2012-ci ildə yarandığı vaxt “Gulf Capital” ilə müştərək qaydada təsis edilən mükafatın məqsədi BƏƏ kiçik və orta sahibkarlarını, biznes rəhbərlərini innovasiyalar, yüksəliş, uğurlar istiqamətində təşviq etməkdir.

“Komandanın təkmilləşmək əzmi görünür, bəhrəsini verib. Regionda ən mötəbər işgüzar təhlillər təqdim edən MEED tərəfindən belə yüksək etimad bizi çox sevindirir, innovasiyalar istiqamətindəki fəaliyyəti davam edərək bazarı “partlatmaq” üçün daha böyük stimul verir”, - deyə Toğrul Səməd bildirib.

Qeyd edək ki, 16 nominasiyada qaliblər sentyabrın 15-də “Ritz Carlton DİFC”da keçiriləcək təntənəli mərasimdə açıqlanacaq.

Xatırladaq ki, “Buglance” ilin əvvəlində "Techstars" tərəfindən dünya uzrə 1000-dən çox startap arasında Top-10-a düşərək akselerasiya mərkəzinə qəbul olmuş və 120 000 dollar investisiya almışdır. Bu günə qədər “Buglance” 605 000 dollar yatırım cəlb edib.

44 - Tezliklə