Bu ilin iqtisadi yekunları: Azərbaycan yeni yüksəklikləri fəth edir

Bu ilin iqtisadi yekunları: Azərbaycan yeni yüksəklikləri fəth edir 2021-ci il iqtisadi hadisələr baxımından çox zəngin oldu.
Biznes
31 Dekabr , 2021 16:32
Bu ilin iqtisadi yekunları: Azərbaycan yeni yüksəklikləri fəth edir

Arxada qoyduğumuz 2021-ci il iqtisadi hadisələr baxımından çox zəngin oldu. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanıldı, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 500 milyonuncu ton neft ixrac edildi, Azərbaycan və Türkmənistan “Dostluq” yatağının birgə işlənməsi haqqında razılığa gəldilər, qeyri-neft ixracı tarixi rekorda çatdı.

Hadisə sayı o qədər çox oldu ki, onları sadalamaq üçün bir məqalə kifayət etməz, bu səbəbdən ən əsas hadisələrlə kifayətlənək.

Bu il dünya üçün ikinci “koronavirus ili” oldu. Əgər 2020-ci il şok effekti qlobal iqtisadiyyata ciddi zərbə vurmuşdusa, 2021-ci ildə dünya tədricən özünə gəlməyə başladı.

Azərbaycan üçün 2021-ci il ilk növbədə bərpa ili oldu. Yanvar-noyabr ayları ərzində (daha sonrakı statistika hələ bəlli deyil) ölkənin ÜDM-i 2020-ci ildəki 4,3 %-lik azalmadan sonra 5,3 %-lik artım nümayiş etdirdi. Qeyri-neft sektoru da ötən il 2,6 %-lik azalmadan sonra 6,4 %-lik əhəmiyyətli artım nümayiş etdirdi.

(Qrafik – 2021-ci ildə ÜDM-in artım dinamikası)

Tarixi il

Azərbaycan iqtisadiyyatı üçün 2021-ci ildə ən yaddaqalan hadisələrdən biri baş verdi. Belə ki, ölkənin qeyri-neft ixracı yanvar-oktyabr ayları aralığında 2 milyard ABŞ dolları həcmini ötərək tarixi göstəriciyə imza atdı.

Bu rekordun əsası hələ 2014-2015-ci illərdə neft qiymətlərinin kəskin düşməsi zamanı qoyulmuşdu. Müstəqillik tarixində əvvəlki ən yüksək göstərici 1,9 milyard  ABŞ dolları təşkil edirdi. Yanvar-noyabr ayları ərzində isə, qeyri-neft ixracı artıq 2,4 milyard  ABŞ dolları həcmini ötdü. Həmin vaxtdan başlayaraq, ölkədə ixracın inkişaf etdirilməsi üzrə genişmiqyaslı tədbirlərə, ixrac missiyalarının təşkilinə, ixracatçı sahibkarların stimullaşdırılmasına, yeni aqrar və sənaye parklarının açılmasına, bir sıra digər təşəbbüslərin icrasına başlanıldı.

(Qrafik2021-ci ildə qeyri-neft məhsullarının ixrac dinamikası)

Koronavirusla bağlı məhdudiyyətlər bütün dünya üzrə məhsul tədarükü zəncirində durğunluğa səbəb olsa da, ötən illər ərzində yaradılmış baza bu il belə artımın əldə olunmasını şərtləndirib.

İxracla bağlı baha bir rekordu qeyd etmək lazımdır. Belə ki, Sumqayıt Kimya-Sənaye Parkının rezidentləri 2021-ci ilin yanvar-noyabr ayları aralığında 764 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçiriblər, bu isə rezidentlərin son 10 il ərzindəki cəmi ixrac əməliyyatları həcmi ilə demək olar, eynidir.

Qarabağın iqtisadi dirçəldilməsi

Qarabağ azad edildikdən dərhal sonra bu regionda genişmiqyaslı bərpa işlərinə başlanıldı. Görülmüş işlər adamı valeh edir: bütün regionda yeni yollar çəkilir, Füzulidə Qarabağın ilk Beynəlxalq Hava Limanı açılıb, Ağdam və "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarının tikintisi davam etdirilir, Kəlbəcər və Laçın rayonların 4800 arı ailə köçürülüb, turizm marşrutları üzərində iş gedir, Şuşanın, Ağdamın və digər yaşayış məntələqinin bərpası tam sürəti ilə davam edir.

Yenilənmiş Qarabağın “siması” olacaq “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri xüsusilə qeyd edilməlidir. Sirr deyil ki, hökumətin planlarına görə, işğaldan azad edilmiş ərazilər yüksək texnologiyalar zonasına çevriləcək. Hazırda Zəngilan rayonu ərazisində ölkənin ilk “ağıllı kənd”i qurulmaqdadır.

Hazırda layihənin həyata keçirildiyi Ağalı kəndində 200 evin, 360 yerlik məktəbin, 60 yerlik uşaq bağçasının, digər mülki infrastrukturun tikintisi həyata keçirilir.

Layihə: yaşayış yerləri, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji infrastrukturu kimi 5 komponentdən ibarətdir.

(Foto: Ağalı kəndi)

Burada, Azərbaycanda ilk dəfə “Huawei” şirkətinin “AirPON” texnologiyasından istifadə ediləcək. Bu, fiberoptik xəttlərin çəkilməsini 10 km-dən 1 km-ə qədər azaltmağa və sakinləri 100 meqabit sürətində naqilsiz internetlə təmin etməyə imkan verəcək.

Kənddə tanınmış italyan pendiri olan “mozzarella di buffala” istehsal ediləcək, həmçinin 300-400 baş camış üçün ferma tikiləcək. Fermanı İsrail şirkəti tikəcək. Burada gübrə və bioqaz istehsalı üçün peyin emal ediləcək. Təmizlənmiş tullantı suları təkrar istifadə ediləcək, günəş enerjisindən əldə edilmiş elektrik enerjisindən istifadə ediləcək.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nəhəng potensialı var. Yalnız Şərqi Zəngəzur iqtisadi rayonu yaxın illərdə ölkə iqtisadiyyatının 4 %-ni təşkil etmək iqtidarındadır. Bu o deməkdir ki, yaxın zamanlarda Şərqi Zəngəzur iqtisadi rayonu, təqribən, 3 milyard manat həcmində aqrar və sənaye məhsulları istehsal oluna bilər.

Sahibkarlar da regionun potensialı barədə məlumatlıdılar. Ərazilərin bərpası və minalardan təmizlənməsi işləri hələ tamamlanmasa da, artıq minədək investor orada işləmək icazəsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.

(İnfoqrafikKiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciətlər)

Azərbaycanın “mavi” qızılı

İlin ikinci yarısında Avropada təşviş yarandı. Təbii qazın qiyməti artmağa başladı və bir neçə dəfə tarixi rekordları yenilədi. Sonuncu ən yüksək göstərici dekabrın 21-də əldə olundu. Həmin vaxt Avropada “mavi yanacağın” birja qiyməti min kubmetr üçün 2 150 ABŞ dollarına çatdı.

Qazın bahalaşmasına həm “Qazprom”un “Yamal-Avropa” kəməri ilə qaz ötürülməsi həcmlərini növbəti dəfə bron etməməsi haqqında mütəmadi xəbərlər, həm də Avropada qaz anbarlarının kifayət qədər dolu olmaması və anomal soyuq qış təsir edib.

Bu hadisələrin fonunda enerji bazarı iştirakçılarının diqqəti Azərbaycana yönəlib. İlkin olaraq, bu il ölkənin Avropaya 5 milyard kubmetrədək qaz ixrac edəcəyi planlaşdırılsa da, 2021-ci ilin yanvar-noyabr ayları ərzində faktiki ixrac həcmi 7,3 milyard kubmetr təşkil edib.

Bu qış yaranmış vəziyyət qaz tədarükü mənbələrinin şaxələndirilməsinin əhəmiyyətini aşkar şəkildə nümayiş etdirmiş oldu. Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərdi və bu, Avropa ölkələrinin əməkdaşlıq istəyini daha da gücləndirdi.

İqtisadi inteqrasiya: region ölkələri əməkdaşlığı gücləndirir

Bu il regionda iqtisadi əməkdaşlığın güclənməsi ilə yadda qaldı. Azərbaycan və Türkiyə ilk enerji forumunu təşkil etdi, həmçinin Bakı-Tbilisi-Ərzurum xətti ilə qaz tədarükü haqqında müqaviləni yenilədi. Gürcüstan ilə birgə təşkil edilmiş biznes forumu 5 sənədin imzalanması ilə nəticələndi. Azərbaycan və İran “Fars körfəzi – Qara dəniz” marşrutu üzrə sınaq qatarını işə saldılar, həmçinin Türkmənistan ilə birlikdə qazın svop tədarükü haqqında müqavilə imzaladılar. Azərbaycan yayda Rusiya ilə də analoji müqavilə bağladı.

Nəhayət, regionda kommunikasiyaların açılması məsələsində Azərbaycan və Ermənistan arasında müəyyən tərəqqi müşahidə olundu. Dəmir və avtomobil yollarının tikintisi haqqında razılıq əldə olundu. Regionun sürətli inkişafının əsasını qoyacaq Zəngəzur dəhlizi tədricən reallığa çevrilməkdədir.

Bu il baş vermiş regional proseslər göstərir ki, ölkələr daha sıx əməkdaşlığın zəruriliyini başa düşürlər. Bu, ilk növbədə, regional təhlükəsizliyin təmin edilməsi, ikincisi, regional layihələrin iştirakçı ölkələrində iqtisadi artımın stimullaşdırılması, üçüncüsü, regionun logistika və ticarət mərkəzinə çevrilməsi baxımından əhəmiyyətlidir. Bu isə, öz növbəsində, bütün tərəflərin dayanıqlı inkişafı üçün əsas rolunu oynayacaq.

Azad Həsənli - analitik

Son xəbərlər

Orphus sistemi