Azərbaycanın qeyri-neft ixracı 39 %-dən çox artıb
- 31 mart, 2022
- 11:58
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 461,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 130,6 milyon ABŞ dolları və ya 39,4 % artıb.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın mart sayında bildirilir.
Hesabata görə, 2022-ci ilin meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 milyon ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4 %, pambıq lifi ixracı 38,3 %, pambıq ipliyi ixracı 35,2 %, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 16,5 % artıb.
2022-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (51,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (29,3 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (28,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2022-ci ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 153,3 milyon ABŞ dolları, Rusiya Federasiyasına 119,1 milyon ABŞ dolları, Gürcüstana 28,1 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 21 milyon ABŞ dolları və İtaliyaya isə 19,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin fevral ayı üzrə ixrac 2,9 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 24 % təşkil etməklə 229,6 milyon ABŞ dolları olub. 2022-ci ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 19,4 % artaraq 51,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 25,4 % artaraq 177,9 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (82,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası ikinci (48 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (13,6 milyon ABŞ dolları) olub.
2022-ci ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (28,9 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (16 milyon ABŞ dolları) ikinci və karbamid (14,7 milyon ABŞ dolları) üçüncü olub.