Bu il Azərbaycanın qeyri-neft ixracı 1 milyard dollara çatıb

Biznes
  • 31 may, 2022
  • 08:12
Bu il Azərbaycanın qeyri-neft ixracı 1 milyard dollara çatıb

2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 milyon ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bu reytinq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın may sayında yerləşdirilib.

Hesabata görə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 268,6 milyon ABŞ dolları və ya 38,5 % artıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % artaraq 162,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6 %, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3 %, pambıq iplik ixracı 19,8 %, pambıq lifi ixracı isə 6,8 % artıb.

Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (102,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (68,2 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (58,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 333,7 milyon ABŞ dolları, Rusiya Federasiyasına 191,7 milyon ABŞ dolları, Gürcüstana 61 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 51 milyon ABŞ dolları və ABŞ-a isə 39,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2022-ci ilin aprel ayı üzrə ixrac 3,8 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 22 % təşkil etməklə 238,3 milyon ABŞ dolları olub. Ötən ayda yeyinti məhsulları üzrə ixrac 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 6,2 % artaraq 51,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 27,2 % artaraq 186,9 milyon ABŞ dolları təşkil edib.

Aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (78,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası ikinci (42,3 milyon ABŞ dolları) və İsveçrə üçüncü (17,7 milyon ABŞ dolları) olub.

2022-ci ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (30,3 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (19,4 milyon ABŞ dolları) ikinci və qızıl (16,9 milyon ABŞ dolları) üçüncü olub.