Bu il Azərbaycan bazarına 23 Qazaxıstan şikətinin daxil olacağı gözlənilir
- 07 iyun, 2022
- 11:32
"PriceWaterHouseCoopers Kazakhstan" (PWC) şirkəti Qazaxıstan Ticarət Nazirliyinə və “QAZtrade” şirkətinə qazaxıstanlı istehsalçıların məhsullarının yaxın ölkələrə ixrac etməkdə kömək edəcək.
Bunu “Report”a Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycana səfəri çərçivəsində keçirilən biznes forumda PWC şirkətinin strateji və əməliyyat konsaltinq direktoru Mirza Sokurov bildirib.
O qeyd edib ki, Qazaxıstan şirkətlərinə Azərbaycanda öz tərəfdaşlarını tapmaqda kömək edəcəklər:
“Azərbaycan bu il əsas ölkələrdən biridir. “QAZtrade” və PWC-nin dəstəyi ilə bu il Azərbaycana 23 şirkət daxil olacaq. Bunlar qida, maşınqayırma sənayesi, kimya sahəsində fəaliyyət göstərən, eləcə də yüngül sənaye məhsulları istehsal edən və xidmət göstərən şirkətlərdir.
Hesab edirik ki, ölkələr arasında qarşılıqlı ticarət artacaq, ticarət dövriyyəsi bu il bəzi məlumatlara görə, 500 milyon ABŞ dollarına çata bilər. Azərbaycan bazarı Böyük İpək Yolunun üzərində yerləşir və Qazaxıstanın əsas tərəfdaş ölkəsidir, çünki biz Xəzər dənizinin yaxınlığında yerləşirik və qazaxıstanlı istehsalçılar üçün Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək çox rahat və faydalıdır. Qeyri-sabitliyin hökm sürdüyü indiki dövrdə qazaxıstanlı istehlakçıların Azərbaycan mallarına, azərbaycanlı istehlakçıların isə qazax mallarına ehtiyacı var. Ona görə də hazırda ticarət əlaqələrini inkişaf etdirmək çox perspektivlidir”.
Şirkət rəhbəri bildirib ki, Qazaxıstan şirkətləri Azərbaycana investisiya etmətdə maraqlıdırlar:
“Elə məhsullar var ki, onlar ya heç bazarda yoxdur, ya da müəyyən şəraitə görə çox azdır. Bu halda qazaxıstanlı istehsalçılar və investorlaı məmnuniyyətlə Azərbaycanda istehsal sahələri yaratmaq imkanlarını axtaracaqlar. Azərbaycanda yaxşı iqtisadi mühit var”.