"Made in Belarus ekspozisiyası" oktyabrın 20-22-də Azərbaycan paytaxtında keçiriləcək 26-cı “BakuBuild" Beynəlxalq İxtisaslaşmış Tikinti Sərgisində təqdim olunacaq.
“Report” Belarusun Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, sərgidə adıçəkilən ölkədən Azərbaycanda inşaat sahəsinin inkişafı üçün zəruri məhsul və xidmətləri nümayiş etdirən 5 şirkət iştirak edir.
“Enerqokomplekt” şirkəti sərgidə müxtəlif təyinatlı kabel məhsulları və naqillər təqdim edəcək.
“Belenerqo” istehsalat birliyinin müəssisələri olan “Belenerqoremnaladka” və “Belelektromontajnaladka” energetika obyektlərinin etibarlı və qənaətcil işləməsini təmin etmək üçün texnologiyaları, ölçü texnikasını, avtomatlaşdırma vasitələrini, vakuum açarları və digər avadanlıqları nümayiş etdirəcək.
“OKB TSP” elmi-istehsalat cəmiyyəti müxtəlif təyinatlı obyektlər üçün tağşəkilli konstruksiyaların tikilməsi üçün “OKB TSP”-nin tərkibində olan “Speçmaşinostroyeniye” (“Xüsusi maşınqayırma”) şirkətinin mütəxəssisləri tərəfindən işlənib hazırlanmış özünün innovasiya texnologiyasını təklif edəcək. Şirkət bu texnologiyadan istifadə etməklə Azərbaycanda artıq 19 sənaye binası inşa edib.
“BELQAZSTROY” – holdinqin idarəedici şirkəti” mühəndislik, mühəndislik və nəqliyyat, həmçinin magistral və mühəndislik infrastrukturunun tikinti-montajı üzrə xidmətləri təqdim edir. Müəssisə sərgidə distant formatda iştirak edir. Bu halda Azərbaycan ziyarətçiləri konkret bir şirkətin məhsul və ya xidmətlərində maraqlı olduqda onun nümayəndələri ilə videoəlaqə vasitəsilə danışıqlar apara biləcəklər. Bu, birbaşa əlaqə qurmağa və əməkdaşlıq və tədarük haqqında əyani razılığa gəlməyə imkan verəcək.
Belarus ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsi ilə seçilir. 2020-ci ilin yekunları üzrə ticarət dövriyyəsi 447,1 milyon ABŞ dolları təşkil edib. Hər iki ölkənin istehsal kooperasiyasının lideri Gəncə avtomobil zavodudur. 2007-ci ildən orada 12 mindən çox müxtəlif modifikasiyalı “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılmışdır. Elektrobuslar və taxılyığan kombaynların yığımı mənimsənilib.
Bu ilin birinci rübü ərzində Belarus inşaat kompleksi təşkilatları Azərbaycana 3,5 milyon dollardan çox məbləğdə məhsul göndərmişlər. Bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu dövrdə Belarusun tikinti sahəsində olan təşkilatların Azərbaycana ixracının əsasını dəmir-beton konstruksiyalar və metal konstruksiyalar, avadanlıq və ehtiyat hissələri təşkil edib.