Bu gün Bakıda Pakistanın biznes imkanlarına həsr edilmiş tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbir İslamabad Ticarət və Sənaye Palatasının dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib ki, qardaş ölkə olan Azərbaycanla bu il diplomatik əlaqələrinin qurulmasının 30 illiyidir:
"Bu 30 il ərzində əlaqələrimiz inkişaf edib. Bu gün Bakıda keçirilən tədbir bir daha göstərir ki, pakistanlı biznesmenlər Azərbaycanla əməkdaşlığın inkişafı üçün yeni tərəfdaşlığa başlamağa hazırdırlar. Koronavirus pandemiyasının səngiməsindən sonra bu gün Bakıya gələn nümayəndə heyəti sayca ən böyüklərdəndir. Bu, bir daha onu göstərir ki, Pakistan dövləti və özəl sektoru Azərbaycana necə ciddi önəm verir və ölkədə biznes imkanlarını araşdırmaq üçün təyinat nöqtəsi olaraq nəzərdən keçirir".
Səfir deyib ki, ölkəsi Azərbaycanla qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün əlverişli mühit təmin etməyə sadiqdir.
Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Xürrəm Bhattin "Report"a açıqlamasında bildirib ki, bu gün tədbirdə 50-ə yaxın Pakistan şirkəti iştirak edib:
"Bu şirkətlərin çoxu İslamabaddan gəliblər. Həmin şirkətlərin əsas məqsədi Azərbaycanla ticarət əlaqələrinə başlamaqdır. Bununla yanaşı, həmin şirkətlər istəyirlər ki, Azərbaycanda ortaq müəssisə yaratsınlar. Azərbaycana gələn şirkətlər müxtəlif sahələri (tikinti, əczaçılıq, tekstil, ərzaq məhsullarının istehsalı) əhatə edir. Bu gün keçirilmiş tədbir çərçivəsində pakistanlı şirkətlər azərbaycanlı tərəfdaşları ilə ikitərəfli görüşlər keçirəcəklər".
O, ortaq müəssisələrin yaradılmasına münasibət bildirib: "Pakistandan Azərbaycana gələn şirkətlər azad edilmiş ərazilərdə, Bakıda, Gəncədə tikinti layihələrində maraqlıdırlar. Bununla yanaşı, əczaçılıq sahəsində də ortaq müəssisələrin yaradılması gözlənilir".
X.Bhattinin sözlərinə görə, iyunun 6-da İslamabadla Bakı arasında birbaşa aviareys açıldı:" Artıq Azərbaycandan Pakistanın üç şəhərinə aviareyslər həyata keçirilir. Mən hər iki ölkənin turizm şirkətlərini fəal olmağa çağırıram ki, ölkələrarasında turizm sektoru inkişaf etsin".
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qeyd edək ki, bu gün keçirilən tədbirdə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin rəhbəri Yusif Abdullayev, həmçinin Pakistan Ticarət və Sənaye Palatasından nümayəndələr çıxış ediblər.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən Pakistan şirkətlərinin sayı 2 238-dir. Pakistan Azərbaycanın qeyri neft sektoruna 4,2 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.