Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, qurumun Bakı Biznes Tədris Mərkəzinin (BBTM) təşkilatçılığı ilə “Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramının kiçik və orta sahibkarlığın inkişafında rolu” mövzusunda tədbir keçirilib.
“Report” Nazirliyə istinadən xəbər verir ki, tədbirdə qurumun nümayəndələri və Almaniyada iqtisadi kooperasiya üzrə ixtisasartırma kursu keçmiş 50-dən çox sahibkar və gənc menecerlər iştirak edib.
Nazir müavini Sahib Məmmədov Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb. O bildirib ki, İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumlarına uyğun olaraq, 2009-cu ildən başlayaraq BBTM Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nı həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində iqtisadi kooperasiya üzrə 1 ay müddətində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar. Bu Proqramın həyata keçirilməsi ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin daha bir nümunəsidir.
BBTM-in direktoru Akif Fərruxov çıxışında "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" və ixtisasartırma kurslarının uğurlu nəticələri barədə məlumat verib. O, qeyd edilib ki, proqram icra olunduğu müddət ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 338 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim, Berlin, Bonn və s. şəhərlərindəki müəssisələrdə təcrübə keçiblər. Bununla yanaşı, Proqram çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yeni işgüzar əlaqələr yaradılıb və biznes müqavilələri imzalanıb.
Tədbirdə çıxış edən sahibkarlar və gənc menecerlər "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində Almaniyada ixtisasartırma kurslarında əldə etdikləri nəticələr, yaradılmış işgüzar əlaqələr barədə məlumat verib.