Bakıda Beynəlxalq Pərakəndə Konqresi keçiriləcək
- 04 mart, 2019
- 15:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 mart. REPORT.AZ/ Pərakəndə sektor üzrə MDB regionunun ən böyük innovasiya festivalı olan Beynəlxalq Pərakəndə Konqresi noyabrın 22-23-də Bakıda təşkil olunacaq.
"Report" xəbər verir ki, pərakəndə sektorun əsas oyunçularını bir araya gətirməyi planlayan Konqresdə MDB ölkələrindən qatılacaq 2000-dən çox iştirakçı arasında sektor üzrə ekspert spikerlər, pərakəndəçilər, banklar, otellər, investorlar və start-uplar yer alacaq. Spikerlər arasında "Sephora", "Yandex Money", "Lamborghini", "The North Face", "Facebook", "Forbes", "Turkcell", "Adidas", IKEA, "New Balance", "Philip Morris" kimi dünyaca məşhur şirkətlərdən ekspert spikerlər çıxış edəcəklər.
Tədbir iştirakçıları üç fərqli platformadan yararlana biləcəklər: konfrans, sərgi və “networking” tədbirləri.
İştirakçılar bu platformalara qatılaraq ekspert çıxışlarını dinləyəcək, B2B görüşlərinə və C-level proqramına qatılacaq, brendlərini hər kəs üçün açıq olan sərgi zonasında sərgiləyəcək və bizneslərinin uğuru üçün önəmli bağlantılar qurmaq şansı əldə edəcəklər.
İştirakçıların rəsmi açılışdan öncə bağlantılarını inkişaf etdirmək məqsədilə noyabrın 21-də “Retail Study Tour” təşkil ediləcək. Tura qatılanlar Bakının ən kreativ mağazalarına ziyarət edəcək, milli restoranda Azərbaycan yeməklərini dadacaq və “Welcome Dinner”ə qatılaraq rəsmi açılışdan öncə qeyri-rəsmi mühitdə yeni əlaqələr qura biləcəklər.
Konqresin rəsmi açılışı noyabrın 22-də baş tutacaq və tədbir iki gün davam edəcək. İştirakçılar konfrans hissəsinə qatılaraq önəmli panel müzakirələrini dinləyə bilər və sərgi zonasını ziyarət edərək innovativ məhsul və xidmətlərlə tanış ola bilərlər. Həmçinin VIP qonaqlar agendadan kənar baş tutacaq “C-level Program”a qatılaraq qapalı sessiyalarda və B2B görüşlərində iştirak edə bilərlər. Qeyd edək ki, tədbirin sərgi zonası hər kəsə açıq olacaq və maraqlı şəxslər tədbirə bilet almadan sərgi stendlərini rahatlıqla ziyarət edə biləcəklər.
Tədbirlə maraqlanan şəxslər rəsmi sayta daxil olaraq biletlərini onlayn sifariş edə bilərlər: internationalretailcongress.com