“Ötən ilin nəticələrinə görə, Azərbaycan və Rostov regionu arasında xarici ticarət əlaqələrinin inkişafında çox müsbət və yaxşı dinamika formalaşıb: təxminən 30% artım qeydə alınıb”.
“Report” xəbər verir ki, bunu mətbuat konfransında jurnalistlərə Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.
Onun sözlərinə görə, hazırda Bakıda keçirilən biznes forum Azərbaycan ilə Rostov vilayəti arasında əlaqələrin inkişaf üçün potensiala malik olduğunu təsdiqləyir.
Qubernator tərəflərin Rostov vilayətində istehsal olunan kənd təsərrüfatı maşınlarının Azərbaycana tədarükü barədə razılığa gəldiklərini vurğulayıb: “Maşınların yığılması Azərbaycanda həyata keçiriləcək”.
V.Qolubev hər iki bölgənin bir çox marşrutların kəsişməsində yerləşdiyini vurğulayaraq tərəflərin nəqliyyat-logistika sahəsində əməkdaşlığı inkişaf etdirmək imkanlarının olduğunu da qeyd edib.
Onun sözlərinə görə, əməkdaşlığın daha bir perspektivli sahəsi alternativ enerjidir və bu sahədə Rostov vilayətinin artıq təcrübəsi var.
Qubernator vurğulayıb ki, tərəflər həmçinin Bakı ilə Rostov arasında birbaşa hava rabitəsinin fəaliyyətə başlaması barədə saziş imzalayıblar: “Martın 30-da ilk uçuş həyata keçiriləcək”.