​Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib

​Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib Türkiyə 1995-2013-cü illərdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 1,9 mlrd. dollar sərmayə yatırıb
Biznes
30 Oktyabr , 2014 12:20
​Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Türkiyə tərəfindən 1995-2013-cü illərdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 1,9 mlrd. ABŞ dolları həcmində bir başa investisiya yatırılıb. “Report”un məlumat verdiyi kimi, bunu Bakıda keçirilən “Qarşılıqlı ixracatın təşkili və üçüncü bazarlara birgə ixracat imkanları” adlı Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bilidirib.

Azərbaycanda Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və digər qurumların dəstəyi ilə keçirilən tədbirdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən (proqram təminatı, avadanlıq, elektronika, kilid, təhlükəsizlik sistemləri, kabel, ölçü cihazları, TV reklam və s.) Azərbaycan və Türkiyə şirkətlərinin nümayəndələri iştirak ediblər. Forumda iqtisadi əməkdaşlıq və əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi perspektivləri müzakirə olunub.

Nazir müavini S.Məmmədov qeyd edib ki, Azərbaycanın qeyri-neft sektoruna yatırılan bir başa investisiyaların həcminə görə Türkiyə 25,5%-lik payla ilk yerdədir: "Türkiyənin ölkəmizdə tikinti, xidmət, ticarət, bank və sığorta, kənd təsərrüfatı, rabitə, sənaye, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən 2 464 şirkəti qeydiyyata alınıb və bu göstərici üzrə də Türkiyə 36%-lik payla birinci yeri tutur".

Bununla yanaşı vurğulanıb ki, hazırda 1 500-dək şirkətlə Türkiyədə təmsil olunan Azərbaycan investorları 2013-cü ilə qədər Türkiyə iqtisadiyyatına 5 mlrd. dollar həcmində investisiya yatırıb.

Biznes forumda çıxış edən ASK prezidenti Məmməd Musayev ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, Türkiyənin müxtəlif dövlət qurumları ilə iqtisadi, regional, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. ASK başçısı bildirib ki, hazırda Azərbaycanda bir çox sahələrdə Türkiyə şirkətləri, həmçinin Türkiyədə Azərbaycan şirkətləri fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə də Türkiyə liderdir.

Qeyd edək ki, Azərbaycan və Türkiyə tərəfindən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 125 nəfərdən çox sahibkarın qatıldığı forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Son xəbərlər

Orphus sistemi