“Azərxalça” məhsullarını Rusiyada nümayiş etdirib

“Azərxalça” məhsullarını Rusiyada nümayiş etdirib “Azərxalça” ASC məhsullarını Rusiyanın paytaxtı Moskvada təşkil olunmuş Azərbaycan gecəsində təqdim edib.
Biznes
100
15 Dekabr , 2021 10:56
“Azərxalça” məhsullarını Rusiyada nümayiş etdirib

“Azərxalça” ASC məhsullarını Rusiyanın paytaxtı Moskvada təşkil olunmuş Azərbaycan gecəsində təqdim edib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, tədbirdə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov və onu müşayiət edən nümayəndə heyəti, eləcə də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib.

Gecəni giriş sözü ilə P.Bülbüloğlu açıq elan edib, hər kəsi salamlayıb. E.Məmmədov isə tədbir iştirakçılarının Azərbaycan xalçalarına heyran qalacaqlarından əminliyini ifadə edərək, “Azərxalça”nın bütün yeniliklərə və maraqlı təkliflərə açıq olduğunu, dizeynerlərdən cəlbedici əməkdaşlıq təklifləri gözlədiyini vurğulayıb. Daha sonra çıxış edən “ELLE Decoration” jurnalının baş redakoru Aleksey Dorojkin də gələcəkdə “Azərxalça” ilə birgə əməkdaşlığa hazır olduqlarını, sərgi zamanı Azərbaycan xalçalarına duyulan xüsusi marağı xüsusi qeyd edib.

Moskvanın ən məşhur məkanlarından biri - “Caspian”da baş tutmuş tədbirdə təqdim olunan Azərbaycan xalçalarının çoxu əsl əl işi olan Qarabağ xalçalarıdır.

Tədbir iştirakçılarına ümumilikdə həm klassik, həm də modern xalça kolleksiyalarından ibarət 56 xalça təqdim edilib. Xüsusi gecədə Rusiyanın tanınmış 50 dizayneri də iştirak edib.

Tədbirin rəsmi hissəsi Azərbaycan xalçalarından ibarət ümumi sərgi, “Azərbaycan xalçalarının yeni həyatı” adlı təqdimat, Azərbaycan xalçalarının toxunma prosesini izah edən master-klassdan ibarət olub. Rəsmi hissədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları, milli şərabları və Azərbaycandan xüsusi dəvət olunmuş sənətçilər – Riad Məmmədov və Aslan Əhmədovun ifasında konsert proqramı təqdim olunub.

Qapalı keçirilən “Azərbaycan xalçaları “Caspian” sahilində” adlı Azərbaycan gecəsinin təşkilatçıları Azərbaycan səfirliyi və ticarət nümayəndəliyi, “Azərxalça” və “Detali” ali dizayn məktəbidir.

Əsas məqsəd Azərbaycan xalçalarını məhz nüfuzlu dizaynerlərin diqqətinə çatdırmaq, onlarla əməkdaşlıq üçün zəmin yaratmaqdır. “Azərxalça” artıq dünyanın məşhur dizaynerləri ilə işləmək, onlardan sifariş götürmək və ya onların sifarişlərini toxumaq kimi məsələləri gündəmdə saxlayır.

Son xəbərlər

Orphus sistemi