“Azərmetalinvest”in rəhbərliyi yenidən formalaşdırılacaq
- 19 avqust, 2025
- 10:58
Oktyabrın 2-də, saat 11:00-da “Azərmetalinvest” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin ötənilki maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatın müzakirə edilməsi, nizamnaməsinin yeni redaksiyada təsdiq olunması, Müşahidə Şurası, İcra orqanı və Təftiş Komissiyası haqqında Əsasnamələrinin təsdiq edilməsi, eləcə də onların seçilməsi, balansda olan istifadəyə yararsız əsas vəsaitlərin silinməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Azərmetalinvest” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 386 min manatdır.