Azərbaycan qeyri-neft-qaz ixracını 10 % artırıb

Biznes
  • 10 iyul, 2025
  • 10:01
Azərbaycan qeyri-neft-qaz ixracını 10 % artırıb

Bu ilin I yarısında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 19,1 % artaraq 564,7 milyon ABŞ dolları olub.

Bundan başqa, hesabat dövründə kimya sənayesi məhsullarının ixrac dəyəri 48,7 milyon ABŞ dolları və yaxud 38,7 %, şəkərin ixrac dəyəri 7,4 milyon ABŞ dolları və yaxud 54,4 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 5,1 milyon ABŞ dolları və yaxud 12,5 %, meyvə-tərəvəzin ixrac dəyəri 81,2 milyon ABŞ dolları və yaxud 24,3 %, pambıq ipliyin ixrac dəyəri 1,8 milyon ABŞ dolları və yaxud 16,6 %, çayın ixrac dəyəri 62,5 min ABŞ dolları və yaxud 2 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 666,8 min ABŞ dolları və yaxud 0,7 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 21,9 % artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 7,7 % artaraq 145 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 18,2 % artaraq 600,3 milyon ABŞ dolları təşkil edib.