Azərbaycanın qeyri-neft ixracında KOS-un payı 10%-ə çatdırılacaq
- 22 dekabr, 2016
- 14:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) ÜDM-də və məşğulluqda payının müvafiq olaraq 15 və 20%-ə çatdırılması hədəflənir.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub.
Həmçinin bildirilir ki, 2020-ci ilədək Azərbaycanda KOS-un inkişafı istiqamətində normativ hüquqi baza daha da təkmilləşdiriləcək, institusional islahatlar davam etdirilərək, rəqabət mühitinin gücləndirilməsi və KOS agentliyinin yaradılması, bu sahədə fəaliyyət üçün zəruri intellektual və texniki resursların, eləcə də icazə sənədlərinin əldə edilməsi sisteminin bir az da asanlaşdırılması üzrə tədbirlər həyata keçiriləcək. Nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində KOS-un ÜDM-də və məşğulluqda payının müvafiq olaraq 15 və 20 faizə, ölkənin qeyri-neft ixracındakı payının isə 10%-ə çatdırılması əsas hədəf kimi müəyyənləşdirilir.
"2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanda ÜDM-in ən azı 60%-nin KOS hesabına təmin edilməsinə, qlobal dəyər zəncirlərinə qoşulmuş yerli KOS şəbəkəsinin yaradılmasına nail olmaqdır" - Strateji Yol Xəritəsində göstərilib.
Məlumatda bildirilir ki, KOS subyektlərinin müxtəlif biznes xidmətləri və sahibkarlıq fəaliyyəti ilə bağlı məlumatlara çıxış imkanlarını artırmaq məqsədilə KOS agentliyinin nəzdində KOS evinin yaradılması nəzərdən keçiriləcək: "KOS evində sahibkarlara müxtəlif biznes xidmətləri göstəriləcək və onlar üçün tələb olunan məlumatlara çıxış imkanları yaradılacaq. KOS subyektlərinin müxtəlif biznes xidmətləri və sahibkarlıq fəaliyyəti ilə bağlı məlumatlara çıxış imkanlarını artırmaq məqsədilə KOS agentliyinin nəzdində KOS evinin yaradılması nəzərdən keçiriləcək. KOS evindəmütəxəssis bankı yaradılacaq və müxtəlif ixtisaslı kadrlar haqqında məlumatlar bu bankda toplanacaqdır. Həm KOS subyektləri, həm də iş axtaran ixtisaslı mütəxəssislər bu məlumat bazasından ödənişsiz istifadə edəcəklər. KOS subyektlərinin müxtəlif xarakterli məlumat mənbələrinə çıxış imkanlarını artırmaq məqsədilə vahid onlayn məlumat portalı yaradılacaq".