Azərbaycanda stomatoloji məhsulların Rusiya bazarından asılılığı hansı səviyyədədir?

Biznes
  • 10 mart, 2022
  • 10:18
Azərbaycanda stomatoloji məhsulların Rusiya bazarından asılılığı hansı səviyyədədir?

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda şimal qonşumuza tətbiq edilən sanksiyalara tibbi ləvazimatların satışı da daxildir. Bu vəziyyət həmçinin stomatoloji ləvazımatlara, xüsusilə implantlara, protezlərə və bu kimi məhsullara da təsirsiz ötüşməyib.

Azərbaycanda fəaliyyət gösətən bir sıra stomatoloji klinikaları bu cür məhsulları həmçinin Rusiyadan idxal edirlər. Logistika problemlərinin mövcudluğunu nəzərə alaraq, Rusiyadan tibbi ləvazimatların gətirilməsi çətinləşib.

“Report” mövzu ilə əlaqədar bu sahədə fəaliyyət göstərən şəxslərlə həmsöhbət olub. Stomatoloji klinikalara tibbi avadanlıqların və məhsulların satışı ilə məşğul olan firmadan bildirilib ki, artıq bir neçə gündür Rusiyadan çatdırılmalarda problemlər yaşanır. Şirkətin nümayəndəsi Firuzə Əliyeva inanır ki, bu vəziyyət uzun müddət hökm sürməyəcək:

“Rusiyadan məhsul gətirmək bizə də çətindir. Adətən biz Rusiya məhsulları ilə işləyirik, lakin sifarişimizdən imtina olunub. Deyilir ki, vəziyyət düzəlsin, sonra bərpa olunacaq. Bizim Rusiya ərazisində də öz filialımız da var, onun vasitəsi ilə də gətirmək olmur".

Stomatoloji klinikanın rəhbəri Rəşad Abışov isə bildirib ki, hələlik klinikada heç bir çətinlik hiss olunmur: "İstifadə etdikləri məhsulların böyük hissəsi Türkiyə və Avropa ölkələrindən gəldiyi üçün qiymətlərdə dəyişiklik yoxdur".

Diş texniki Rüfət Məmmədrzayev isə Azərbaycana tibbi implantların, protezlərin bir neçə ölkədən - İran, Hindistan, Ukrayna, Rusiya, Türkiyə, İsraildən gətirildiyini bildirib.

“Rusiyadan gələn məhsullarda hazırda dayanma müşahidə olunur. Rusiyadan idxal dayansa da, digər ölkələrdən gələn malların hesabına qiymət qalxmayıb. Bizim aldığımız stomatoloji məhsulların 70 %-ini İran istehsal edir. İmplantların isə konkret olaraq 80 %-i İsrail və Çindən gətirilir. Giymətlərdə cüzi artım bəlkə də ola bilər. Amma bunun böhrandan qaynaqlandığını düşünmürəm. Ümumiyyətlə isə Rusiya istehsalı olan məhsullar həmişə İran və Türkiyə ilə müqayisədə baha olub. Şəxsən mən Rusiya istehsalı olan heç bir stomatoloji məhsuldan istifadə etmirəm”, - deyə R.Məmmədrzayev əlavə edib.

44 filmi