​Azərbaycanda şadlıq saraylarının iş qaydalarına dəyişiklik edilib

​Azərbaycanda şadlıq saraylarının iş qaydalarına dəyişiklik edilib Ərzaqların saxlanılması, salatların tərkibi, personalın şəxsi gigiyenası kimi sahələrdə dəyişiklik edilib
Biznes
17 İyun , 2015 16:57
​Azərbaycanda şadlıq saraylarının iş qaydalarına dəyişiklik edilib

Bakı. 17 iyun. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə “Şadlıq saraylarının təsnifatı və ümumi qaydalar” (AZS 746-2012) dövlət standartına dəyişiklik edilib.

“Report” Komitəyə istinadən bildirir ki, dəyişikliyin tətbiq vaxtı 1 sentyabr 2015-ci il tarixdən müəyyən edilib. Dəyişikliyə əsasən, mətbəxdə qabların yuyulması iki üsulla - əl və qabyuyan maşınlar vasitəsilə aparılmalıdır. Qablar əl ilə yuyularkən müəssisə iri mətbəx qazanları və avadanlıqların yuyulması üçün üç bölümlü, şüşə qablar və mətbəx dəstlərinin yuyulması üçün iki bölümlü vannalarla təmin olunmalıdır. Təmiz mətbəx qabları və avadanlıqların alt hissəsi döşəmədən ən azı 50-70 sm hündürdə olan rəflərdə, təmiz mətbəx dəstləri zalda xüsusi şkaflarda, təmiz boşqablar isə bağlı şkaflarda və ya rəflərdə saxlanmalıdır. Onların məcməyidə səpələnmiş vəziyyətdə saxlanmasına icazə verilmir.

Standarta digər dəyişiklik hazırlanan yeməklərin realizasiyası və saxlanması ilə bağlıdır. Belə ki, “İsveç masası” xidmət növündə təqdim olunan marmitdə, sobada qızdırılan qablarda olan isti yeməklər ən çoxu üç saat ərzində, soyudulmuş hazır soyuq yeməklər isə bir saat ərzində realizə edilməlidir və realizasiya zamanı isti yeməklərin temperaturu 75 dərəcədən aşağı, soyuq yeməklər və içkilərin temperaturu isə 14 dərəcədən yuxarı olmamalıdır. Həmçinin, salatların inqrediyentləri qatışdırılmamış vəziyyətdə 2-6 dərəcədə 6 saatdan çox saxlanılmamalı, qatışdırıldıqdan sonra dərhal stola verilməlidir.Yeməklərin istehsalı zamanı istifadə olunan ərzaq xammalında və ərzaq məhsullarında insan sağlamlığına potensial təhlükəli olan kimyəvi və bioloji maddələr normativ-hüquqi sənədlərdə müəyyən edilmiş normadan artıq olmamalıdır.

Tətbiq edilən digər dəyişikliyə əsasən ictimai iaşə müəssisələrində kulinariya məhsulları hazırlanarkən baytarlıq ştampı (möhürü) və şəhadətnaməsi olmayan bütün növ kənd təsərrüfatı heyvanlarının ətindən, quş əti və quş yumurtasından, ördək və qaz yumurtalarından, hermetikliyi pozulmuş, şişmiş konservlərdən, anbar zərərvericiləri ilə yoluxmuş qarabaşaq, un, düyü, quru meyvələrdən, qurdlu və əzilmiş təzə göbələklərdən, istifadə müddəti başa çatmış və ya başa çatmaq üzrə olan, xüsusilə tez xarab olan məhsullardan istifadə etmək qadağandır.

Həmçinin, məhsulların soyuducuda saxlanılması zamanı müəyyən qaydalara riayət olunmalıdır. Yeni qaydalara əsasən, ətin saxlandığı soyuducu kameralar asan yuyula bilən gigiyenik örtüklü rəflərlə təmin olunmalıdır. Soyudulmuş ət cəmdəkləri, yarımcəmdəklər və dörddə bir cəmdəklər bir-birinə, döşəməyə və divara toxunmamaq şərtilə qarmaqlardan asılmış vəziyyətdə, həmçinin xama, kəsmik, mayonez kimi ağartı məhsulları ağzı qapaqla yaxşı bağlanan qablarda, kolbasalar isə qarmaqlardan asılmış vəziyyətdə saxlanmalıdır.

Personalın şəxsi gigiyenik qaydalarına da dəyişiklik edilib. Belə ki, personal üst geyimlərini və şəxsi əşyalarını qarderobda saxlamalı, işə başlamazdan əvvəl əllərini təmiz yumalı, təmiz xalat və əlcək geyinməli, başlarını örtməli və saçlarını diqqətlə örtüyün altına yığmalıdır. Həmçinin əllərində irinli sızanaqlar, kəsiyi, yanığı olan, yuxarı nəfəs yolları epidemiyalı xəstələr bu sahələrdə işə buraxılmamalıdır.

Son xəbərlər

Orphus sistemi