Milli Məclisə təqdim edilən qiymətləndirmə fəaliyyəti barədə yeni qanun layihəsində Azərbaycanda Qiymətləndiricilər Palatasının yaradılması məsələsi də öz əksini tapıb.
Bu barədə "Report"a müsahibəsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeni təyin olunmuş sədri Vüqar Oruc deyib.
O, palatanın yaradılmasının zəruriliyindən danışıb:
"2008-ci ilə qədər Azərbaycanda qiymətləndirmə sahəsində lisenziya verilməsi [Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən] qüvvədə olub. Hər şirkət məhz lisenziyalaşmadan sonra fəaliyyətə başlayıb. Sonra lisenziyalaşma ləğv olundu və sertifikatlaşma imtahanları keçirərək bu sahədə ayrı-ayrı şəxs və ya şirkətlərin fəaliyyətini tənzimlədik. Bu, bir tərəfdən poizitiv məsələ idi. Bazar müstəqilləşdi, fəaliyyətin genişlənməsi, bu sahənin daha da inkifaşı baş verdi. Digər tərəfdən çox ciddi nöqsanların meydana çıxmasına səbəb oldu. Hər hansı qurum tərəfindən qiymətləndirmə fəaliyyəti inzibati qaydada tənzimlənmədiyinə görə, ayrı-ayrı neqativ hadisələrin meydana gəlməsi ilə qarşılaşdıq. Birincisi, bu sahədə şirkətlərin sayı artdı və onların içində beynəlxalq qiymətləndirmə standartlarına əməl etməyən, ayrı-ayrı biznes maraqlarını təmsil edən, qiymətləndirici şirkətləri gözdən salan şirkətlər də var. Bunlara qarşı cəmiyyət olaraq hansısa tədbir görmək imkanlarımız yox idi. Cəmiyyət yalnız tövsiyyə vermək yaxud hansısa müraicət ünvanlamaq hüququna malikdir. Düşünürdük ki, bunu aradan qaldırmaq üçün hansısa inzibati qurum lazımdır ki, ölkədə qiymətləndirmə bazarını tənzimləsin. Bu istiqamətdə dəfələrlə Milli Məclisə müraciət ünvanlamışdıq. Ümumilikdə qiymətləndirmə fəaliyyəti barədə qanunun təkmilləşdirilməsi üçün müraciətlər etmişdik".
AQC-nin rəhbəri bildirib ki, qanun layihəsinin Milli Məclisin yaz sessiyasında ilk oxunuşu gözlənilir:
"Düşünürəm ki, bu il ərzində qanun qəbul ediləcək. Yəqin ki, obyektiv, işlək və qiymətləndirmə bazarını tənzimləmək imkanlarına malik yeni bir qanun qəbul olunacaq. Bu qanundan gözləntilərimiz böyükdür. Qeyri-peşəkarların bazardan uzaqlaşdırılması, bazarın tənzimlənməsi və qiymətləndirici nüfuzunun daha da yüksəldilməsini təmin etmək istiqamətində çox ciddi tədbirlərin görülməsinə ümid edirik. Hesab edirik ki, Qiymətləndiricilər Palatası yaranarsa, bu istiqamətdə ciddi şəkildə obyektiv nəzarətin, əlaqələndirmənin və koordinasiyanın həyata keçirilməsini təmin etmək olacaq. O zaman artıq peşəkar şirkətlər üçün yeni üfüqlər açılacaq ki, onlar bazarda olan özbaşnalıqdan bu günə qədər çəkdiyi zərərləri kompensasiya etsin. Ümid edirik ki, palatının yaranması işini peşəkara həvalə edilməsi, bazarda stabillyin bərpası, özbaşnalığın aradan qaldırılması istiqamətində ciddi addımlarla nəticələnəcək".
V. Oruc palata və cəmiyyətin paralel fəaliyyət göstərəcəklərini qeyd edib:
"Çox adam fikirləşir ki, palata yaransa, cəmiyyətə ehtiyac qalmır. Amma belə deyil. Məsələn, Azərbaycanda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Assosiasiyası var. Assosiasiya ictimai fəaliyyətlə məşğuldur. Amma agentlik bu istiqamətin inzibati qaydada idarəedilməsi və tənzimlənməsi ilə məşğuldur. Palata yarandıqdan sonra inzibati istiqamətdə, AQC isə bu peşənin daha da inkişafı, yeniliklərin, standartların tətbiqi, qiymətləndiricilərin əlaqələndirilməsi istiqamətində fəaliyyət göstərəcək. Bu iki qurumun işi bir birinə zidd deyil, yardımçı olacaq".
Müsahibənin tam mətni ilə yaxın zamanda "Report"un saytında oxuya bilərsiniz.