Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək
- 28 aprel, 2026
- 18:20
Azərbaycanda malların gömrük dəyərinin milli valyuta (manat) ilə bəyan edilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib.
Bundan başqa, qanun layihəsinə əsasən, gömrük borcunun bir qisminin ödənildiyi hallarda təminatın mütənasib olaraq azadılması imkanının təmin edilməsi planlaşdırılır.
Eyni zamanda malların sürətli (ekspres) daşınması, sürətli (ekspres) daşınan malların gömrük sərhədindən keçirilməsinin xüsusiyyətləri, həmin malların bəyan olunması və gömrük rəsmiləşdirilməsi ilə bağlı müddəaların məcəlləyə əlavə edilməsi də qanun layihəsində öz əksini tapıb. Elektron ticarətin sürətli inkişafı yeni texnoloji həllərin tətbiqini və qanunvericilik aktlarının təkmilləşdirilməsini zəruri edir.
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı normaların mövcud olmaması, bu sahə üzrə təcrübədə rastlaşdığımız çətinliklər müvafiq tənzimlənmənin aparılmasını zəruri edir. Bu prosesin tənzimlənməsi həyata keçirilib (sadələşdirilmiş bəyannamə əsasında aparılması, saxlancda bir aydan çox qalmamasının müəyyən edilməsi, qida məhsullarının saxlancda yetləşdiriməsinə yol verilməməsi və sair).
Azərbaycanda istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası tərtib olunarkən beynəlxalq müqavilələrin (Ümumdünya Gömrük Təşkilatının malların təfsiri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında Konvensiya və Müstəqil Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətin vahid əmtəə nomenklaturası haqqında Saziş) nəzərə alınması, həmçinin malların sinifləşdirilməsi zamanı bölmələrə, mal qruplarına, onların mövqelərinə və yarımmövqelərinə dair ətraflı məlumatların əldə edilməsi məqsədilə beynəlxalq müqavilələrin rəsmi və ayrılmaz hissəsi olan Harmonik Sistemin İzahnaməsindən istifadə edilməsi də təklif olunur.