Azərbaycanda ixracatçılar güclü stimul alacaq

Azərbaycanda ixracatçılar güclü stimul alacaq Azərbaycanda sahibkarlar həm məhsul istehsalı, həm də ixracı üçün yeni güclü stimul alacaqlar - bundan sonra ixrac məqsədilə istehsal olunan məhsullar ƏDV-dən azad ediləcək
Biznes
17 Noyabr , 2020 16:19
Azərbaycanda ixracatçılar güclü stimul alacaq

Azərbaycanda sahibkarlar həm məhsul istehsalı, həm də ixracı üçün yeni güclü stimul alacaqlar - bundan sonra ixrac məqsədilə istehsal olunan məhsullar ƏDV-dən azad ediləcək.

Müvafiq qərar noyabrın 16-da ölkənin Nazirlər Kabinetinin saytında dərc edilib.

Hər şeydən əvvəl, bəzi məqamları aydınlaşdırmaq lazımdır.

Birincisi, ixrac təyinatlı mal nədir?

Bunlar satışı zamanı ixracatçıya xüsusi “İxrac qeydi ilə malların satışı ilə bağlı qəbz” təqdim olunan mallardır. İxracatçı da, öz növbəsində, istehsalçıya və Dövlət Vergi Xidmətinə “İxrac qeydi ilə satılmış malların ixracı haqqında” formanı təqdim etməlidir.

İkincisi, kimlər ixracatçı ola bilər?

İxracatçıya dair yalnız iki tələb var. İdxal-ixrac əməliyyatlarında azı bir illik təcrübəsi olan şirkət bu cür malların ixracatçısı ola bilər.

Həmçinin ixracatçıların xəzinə qarşısında öhdəliklərini yerinə yetirməsi üçün istehsalçıya təminat (bank zəmanəti və ya depozit) təqdim etmələri tələb olunur. Şirkət bu malları ixrac etməsə belə, bu cür təminat təmin edilməlidir.

Bundan əlavə, silah ixrac etmək olmaz. Buraya həmçinin barter əməliyyatları çərçivəsində ixrac olunan mallar, eləcə də təkrar ixrac malları aid edilmir.

Üçüncüsü, kim sıfır ƏDV dərəcəsinə uyğun ixrac üçün mal istehsalçısı ola bilər?

Mal mütləq Azərbaycan ərazisində istehsal olunmalıdır. Eyni zamanda istehsal yeri sərbəst zona və xüsusi iqtisadi zona olmamalıdır. Azərbaycana tranzit məqsədlə gətirilən mallar da bu qaydaya uyğun gəlmir.

Sıfır ƏDV dərəcəsi yalnız qeyri-neft məhsulları üçün əldə edilə bilər. İstehsalçı şirkət müflis olmamalı və ya vergi, sosial ödənişlər, işsizlik və ya icbari tibbi sığorta üzrə borclu olmamalıdır. İstehsalçının vergi cinayətləri üzrə hökmü olmamalıdır.

Belə şirkətin nizamnamə kapitalındakı dövlət payı 50 faizdən çox olmamalıdır. İstehsalın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçılar və ya əməliyyat şirkətləri də bu cür mallar üçün sıfır ƏDV dərəcəsi tələb edə bilməzlər.

Dördüncüsü, bu cür malların satışı və ixracı prosesi necə həyata keçirilir?

“İxrac qeydi ilə satılan mallar üçün qəbz”in tətbiqi, uçotu və istifadəsi 14 mart 2017-ci il tarixli “Hesab-fakturaların tətbiqi, uçotu və istifadəsi qaydaları” əsasında həyata keçirilir.

Şirkətlərə mal ixracı üçün 3 ay vaxt verilir. Hər hansı bir təbii fəlakət, texnoloji qəza və ya epidemiya halında şirkətlər ixrac müddətinin daha 3 ay uzadılması üçün müraciət edə bilərlər.

Bu qaydalara əməl olunmasına Dövlət Vergi Xidməti nəzarət edir.

Qeyd etmək lazımdır ki, koronavirus dünyanın bir çox şirkətinə ciddi ziyan vurub. Şirkətlərin bəziləri bağlanmaq məcburiyyətində qalıb, bəziləri isə fəaliyyətini dayandırıb və işçilərin çoxunu ixtisar edib.

Təəssüf ki, COVID-19 Azərbaycandan da yan keçməyib. Bu il ərzində hökumət sahibkarları və ümumilikdə əhalini dəstəkləmək məqsədilə artıq bir sıra kompleks tədbirlər həyata keçirib.

Nazirlər Kabinetinin bu qərarını belə tədbirlərin məntiqi davamı kimi qəbul etmək olar. Axı koronavirus beynəlxalq ticarətə də ciddi zərbə vurub. İndi Azərbaycanda ixracatçılar qənaət edə biləcəklər, çünki ixrac üçün aldıqları mallardan ƏDV tutulmayacaq və mallar ucuz başa gələcək.

Azad Həsənli, maliyyə eksperti

Son xəbərlər

Orphus sistemi