Bu ilin yanvar-noyabr aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilən məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artaraq 559,7 milyon manata çatıb.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, 11 ay ərzində elektron açıq tenderlər vasitəsilə büdcəyə 532,3 milyon manat qənaət edilib ki, bu da 1 il əvvələ nisbətən 10,4 % artım deməkdir. Kotirovka üsulu ilə qənaət edilmiş məbləğ isə illik müqayisədə 3 dəfədən çox artaraq 27,4 milyon manata yüksəlib.
“Bu göstərici Dövlət Xidmətinin sahibkarlar üçün həyata keçirdiyi kompleks maarifləndirmə tədbirlərinin və nəzarət mexanizmlərinin gücləndirilməsi nəticəsində əldə olunub”, - deyə M.Abbasbəyli qeyd edib.