2019-cu ildə Azərbaycanda həyata keçirilmiş 11 457 dövlət satınalmasının 2 917-si və yaxud 25,5%-i açıq tenderlər, 6 323-ü və yaxud 55,2%-i kotirovka sorğuları, 418-i və yaxud 3,6%-i təklif sorğuları, 1 799-u və yaxud 15,7%-i isə bir mənbədən satınalmalar olub.
"Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.
Rəyə əsasən, 2018-ci illə müqayisədə açıq tenderlərin xüsusi çəkisi 0,8 faiz bəndi artıb, kotirovka sorğularının xüsusi çəkisi dəyişməyib, təklif sorğularının xüsusi çəkisi 1,2 faiz bəndi artıb, bir mənbədən satınalmaların xüsusi çəkisi isə 2,2 faiz bəndi azalıb.
Ötən il dövlət satınalmalarına yönəldilmiş 5 720 milyon manat vəsaitin 2 156 milyon manatı və yaxud 37,7%-i açıq tenderlərin, 141 milyon manatı və yaxud 2,5%-i kotirovka sorğularının, 372 milyon manatı və yaxud 6,5%-i təklif sorğularının, 3 051 milyon manatı və yaxud 53,3%-i isə birmənbədən satınalmaların payına düşüb.
Əvvəlki ilə nisbətən açıq tenderlərin xüsusi çəkisi 1,3 faiz bəndi azalıb, kotirovka sorğularının xüsusi çəkisi 0,3 faiz bəndi artıb, təklif sorğularının xüsusi çəkisi 3,5 faiz bəndi artıb, bir mənbədən satınalmaların xüsusi çəkisi isə 2,5 faiz bəndi azalıb.