İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadə ilə bağlı fevralın 15-də keçirəcəyi hərraca 5 faydalı qazıntı yatağı çıxaracaq.
Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bunlar, Xızı rayonundakı "Şurabad" qum yatağı, Balakən rayonundakı “Göyəmtala” gil yatağı, Qazax rayonundakı “Aşağı Salahlı” gil yatağı, “Daş Salahlı-III” sement xammalı yatağı, Ağstafa rayonundakı “Acıdərə” vulkan külü yataqlarıdır.
Başlanğıc qiyməti 4 991 - 166 400 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 8 fevral 2023-cü il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.
Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20). Hərrac elə burada keçiriləcək.