Azərbaycan və Çin qeyri-neft ixrac potensialının genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalayıb

Biznes
  • 15 may, 2017
  • 11:52
Azərbaycan və Çin qeyri-neft ixrac potensialının genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalayıb

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Pekində Azərbaycan və Çin arasında “Texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində Anlaşma Memorandumu” imzalanıb.

Bu barədə “Report”a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) bildirilib.

Məlumata görə, sənədi Azərbaycan tərəfdən qurumun sədri Ramiz Həsənov, Çin tərəfdən isə bu ölkənin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının (Nazirliyi) nazir müavini U Çinxay imzalayıb. Memorandum iki ölkə arasında ticarətdə texniki maneələri aradan qaldırmaq və iqtisadi əlaqələri gücləndirmək, həmçinin Azərbaycanın qeyri-neft ixrac potensialının gücləndirilməsi məqsədi daşıyır.

İmzalanmadan əvvəl rəsmilər görüş keçirib. Görüşdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının Çinə ixracı və bu istiqamətdə keyfiyyət infrastrukturu sahələrinin qarşılıqlı tanınmasına nail olmaqla bağlı razılıq əldə olunub. Belə ki, qarşılıqlı anlaşmaya əsasən Çin tərəfi Azərbaycanda istehsal olunan məhsullara verilmiş sertifikatları tanıyacaq, akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları ilə əməkdaşlığı gücləndirəcək. Bundan başqa Çin akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara üzv olmaqla bağlı Azərbaycana dəstəyini göstərəcək.

Qeyd edək ki, mayın 13-15-də Pekində “Bir kəmər-bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum keçirilib. Görüşdə SMPDK sədri Ramiz Həsənov Azərbaycan nümayəndə heyəti tərkibində iştirak edib. Tədbirə 29 ölkənin dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın təmsilçisi qatılıb. 

44 filmi