Bu ilin dekabrında keçiriləcək Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasına 2022-2025-ci illər üzrə Strateji Plan təqdim ediləcək.
"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev ilə Ümumdünya Gömrük Təşkilatı Baş katibinin müavini Rikardo Trevino Çapa arasında videokonfrans formatında görüş keçiriləcən tədbirdə bildirilib.
Planda ÜGT-nin fəaliyyətinin dayanıqlılığının təmin edilməsi üçün əsas diqqətin ayrılmalı olduğu sahələr və bu sahələrə daha çox səy və ehtiyatların yönləndirilməsi ilə bağlı balanslaşdırılmış yanaşma nəzərdə tutulur. Bu plan əvvəlki planın əsas mahiyyətini qoruyub saxlamaqla və onun icrası zamanı müəyyən edilmiş müsbət aspektləri davam etdirməklə yanaşı, regional məsləhətləşmələr vasitəsilə ümumi yanaşmanı təkmilləşdirmək məqsədi daşıyır.
Görüşdə qeyd edilib ki, COVID-19 pandemiyası cəmiyyətlərin və təşkilatların dayanıqlıq və uyğunlaşmaq qabiliyyətinə dərin ehtiyac duyduqlarını önə çıxardı.
Bu mənada, ÜGT-nin Strateji Planı gömrük işində mövcud və gələcək imkanları və çağırışları nəzərə alaraq təşkilatın məqsədəuyğun fəaliyyət göstərməsini təmin etmək üçün aydın yol xəritələri müəyyən etməlidir. ÜGT əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan hadisələrə qarşı davamlı və çevik uyğunlaşmağı bacaran qurum olmalıdır.
Müzakirələr zamanı DGK sədri Səfər Mehdiyev məsələ ilə bağlı Azərbaycan Gömrük Xidmətinin mövqeyini ifadə edərək bildirib ki, ÜGT-nin yeni Strateji Planı, bununla bağlı həyata keçirilən Mühitin Dərin Analizində (Environmental Scan) təsbit olunan problemlər, prioritetlər və risklər kontekstində hazırlanmalıdır. Əlavə olaraq, strateji planın hazırlanması prosesində ÜGT-nin regionları arasında fərqlər nəzərə alınmalıdır. Təşkilatın gələcək modernizasiyasının müəyyən olunan risklərin aradan qaldırılması ilə birbaşa əlaqəli olduğunu vurğulayan Səfər Mehdiyev bununla bağlı ÜGT-də təşkilatdaxili idarəetmə məsələləri, dayanıqlı maliyyə mənbələrinin təmin olunması, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq, həmçinin ÜGT-nin regional strukturlarının, xüsusilə Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətinin gücləndirilməsi məsələlərinə toxunub.
Görüşdə planla bağlı digər fikir və təkliflər də səsləndirilib.
DGK bildirir ki, ÜGT-nin 2022-2025-ci illər üzrə Strateji Planının hazırlanması ilə bağlı təşkilat tərəfindən bütün regionlar üzrə müvafiq məsləhətləşmələr aparılır və Azərbaycan Gömrük Xidmətinin ÜGT-nin Siyasi Komissiyasının üzvü olaraq mövqeyi xüsusi əhəmiyyət daşıyır.
Strateji Planın prioritetlərinin müəyyən edilməsi ilə bağlı üzv dövlətlərin, o cümlədən Azərbaycanın rəylərində - rəqəmsal gömrük və məlumatların təhlili; elektron kommersiya; məlumatların mübadiləsi; gömrük iqlim və ətraf mühitin keşiyində; "Bir pəncərə" və koordinə edilmiş sərhəd idarəçiliyi; təşkilatdaxili idarəetmənin təkmilləşdirilməsi; yenilənmiş Kioto Konvensiyası; harmonik sistem və başqa təkliflər əksini tapıb.