“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində iyunun 11-i iyulun 6-sı tarixlərində 19 sahibkar və menecerdən ibarət qrup Almaniyanın Heydelberq şəhərində yerləşən “AHP-International” Tədris Mərkəzində təlim və istehsalat təcrübəsi keçəcək.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Almaniyada təlim və istehsal müəssisələrində təcrübə keçəcək sahibkar və menecerlər üçün seminar təşkil olunub.
İkigünlük seminarda sahibkar və menecerlər beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və əməkdaşlığın qurulması və s. barədə ətraflı məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 25 mart - 19 aprel tarixlərində Almaniyada təlim və istehsalat təcrübəsi keçəcək 18 sahibkar və menecer üçün də seminar təşkil olunmuşdu.