Azərbaycan paytaxtında "Influencer Day Baku" tədbiri keçirilib

Azərbaycan paytaxtında "Influencer Day Baku" tədbiri keçirilib Tədbir haqqında məlumatlar, şəkillər sürətlə sosial mediaya yayılıb
Biznes
2 Oktyabr , 2017 17:23
Azərbaycan paytaxtında Influencer Day Baku tədbiri keçirilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Sentyabrın 30-da Azərbaycanda çoxlarının səbirsizliklə gözlədiyi "Influencer Day Baku" tədbiri keçirilib. 

"Report" xəbər verir ki, tədbir haqqında məlumatlar, şəkillər sürətlə sosial mediaya yayılıb. 

300 nəfərin qatıldığı "İnfluencer Day Baku" ilk dəfə keçirilməsinə baxmayaraq uğurlu olub və hər kəsdə maraqlı təəssüratlar yaradıb. Tədbir maraqlı və maarifləndirici olmaqla yanaşı, həm də yeni biznes əlaqələri yaratmaq üçün əla vasitə olub. 

Qeyd edək ki, tədbirdə Emin Vəli sosial era marketinqi, Vaqif Abbasov "Keepface Influencer" marketinqi, Elşad Yusifli isə "influenser" və data analizi haqqında maraqlı çıxışlar ediblər, qonaqları maraqlandıran sualları cavablandırıblar. Daha sonra panel müzakirəsi başlayıb. Moderator "Khazar Ventures"in həmtəsisçisi Məmməd Kərim, panel iştirakçıları "Trade Mark Leo Burnett Azerbaijan"ın direktoru Abbas Fətullayev, "Cavan.az" layihəsinin marketinq direktoru Mehriban Əsədova, "Azər-Türk Bank" ASC-nin Strateji planlaşdırma və marketinq şöbəsinin müdiri Leyla Məmmədova, aktyor və ssenarist Erkin Ergin, "Offside" səhifəsinin admini Ruslan Mirzəliyev olub. Panel iştirakçıları "influencer marketing" haqqında təcrübələrini, "Keepface influencer" platforması haqqında təəssüratlarını bölüşüblər.

Ardınca "influencer"lər mükafatlandırılıb. "Keepface" heyəti mükafatlandırma zamanı sosial mediada maraqlı və maarifləndirici məzmun yaradan, "influencer"lik fəaliyyətində yeni olan şəxslərə üstünlük verib. Belə ki, son zamanlar videoları ilə gündəm olan, sosial mövzulara toxunan Əlixan Rəcəbov, dəb sahəsində maraqlı faydalı bloqpostlar hazırlayan Şəbnəm Mahmudlu, makiyaj kateqoriyası üzrə son zamanlar paylaşımlarına görə tanınan Nəzrin Əliyeva, faydalı videolarına həvəslə baxılan Fuad Əliyev, cəmiyyətdə olan sosial mövzuları statusları ilə maraqlı şərh edən Həmid Həmidli, elmi-intellektual paylaşımları ilə maraq qazanan Yalçın İslamzadə, dünyada kəşf ediləcək yerləri tanıdan Baba Ağayev, mütəmadi bloq yazıları ilə maarifləndirici tövsiyələr verən İlham Əli Yusif, paylaşımları ilə zövq oxşayan Günel Fərhadlı, həftəsonlarını xüsusi menyuları ilə dadlandıran Aygün İsmayılzadə, öyrədici videolar hazırlayan və Azərbaycan dilində kontent inkişafına dəstək olan anabloqqer Səma Abıyeva öz fəaliyyətlərinə görə mükafatlandırılıblar. 

Mükafatlandırma mərasimindən sonra qonaqlar "Dreamland Baku Golf Villas & Residences"də yerləşən "Sabis Sun" beynəlxalq məktəbi ilə tanış olub. Oradakı qolf mərkəzinə gedərək təlimçilərin köməyi ilə ilk qolf təcrübələrini yaşayıb, "Dreamland"də yerləşən villalara ekskursiya ediblər. Tədbir həzin caz sədaları altında şam yeməyi və "networking" ilə sona çatıb.

Qeyd edək ki, tədbirin təşkilatçısı "Keepface DMCC", baş sponsoru "Dreamland Baku Golf Villas & Residences", rəsmi telekom tərəfdaşı isə "Bakcell" şirkətidir. Tədbirin digər sponsorları "Chelebi", "Hooki Cafe", "Az-Granata", "Vitam və Trade Mark Leo Burnett Azerbaijan" şirkətləridir. "Photo Artillery" qonaqların maraqlı şəkillərini çəkib, elə oradaca təqdim edib. Həmçinin "Gravity inc." öz komandası ilə bütün tədbiri işıqlandırıb.

Son xəbərlər

Orphus sistemi