Azərbaycan meyvə-tərəvəz ixracında yeni bazarlara çıxa biləcəkmi?

Azərbaycan meyvə-tərəvəz ixracında yeni bazarlara çıxa biləcəkmi? Azərbaycan ötən il 600 milyon dollarlıq meyvə - tərəvəz ixrac edib
Biznes
31 Mart , 2021 16:49
Azərbaycan meyvə-tərəvəz ixracında yeni bazarlara çıxa biləcəkmi?

Azərbaycan ötən il 1,9 milyard ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirib ki, bunun da 0,6 milyard dollarlıq hissəsi meyvə - tərəvəzin payına düşüb. Hazırda ölkənin aqrar məhsul ixracından əldə etdiyi gəlir neft-qaz ixracının gətirdiyi gəlirlə müqayisədə xeyli az olsa da, ekspertlər hesab edir ki, gələcəkdə iki istiqamətdə gəlirlərin bərabərləşməsi mümkündür. Amma bunun üçün ixracla bağlı problemlər həll edilməli, o cümlədən ixrac bazarları şaxələndirilməsi, meyvə - tərəvəz ixracında Rusiyadan asılılığa son qoyulmalıdır.

"Bir bazardan asılılıq problem yaradır"

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, Rusiya bazarı Azərbaycanın aqrar məhsullarının ixracı üçün böyük imkanlar yaratsa da, bir bazardan asılılıq həm də problem yaradır: "Qeyri-neft ixracımızın böyük hissəsinin bu bazarın payına düşməsi yaxşı hal deyil. Xüsusilə də, aqrar məhsulların ixracında Rusiya bazarının üstünlük təşkil etməsi ölkənin iqtisadi təhlükəsizliyi üçün müsbət amil sayılmır. Rusiyanın iki ay bundan əvvəl Azərbaycandan pomidor idxalına qoyduğu qadağanı xatırlamaq istərdim. Hazırda ixrac demək olar ki, tam bərpa edilib, amma vaxtaşırı bu cür problemin yaranması Azərbaycanda iqtisadiyyatı, yerli sahibkarlar üçün böyük çətinliklər törədir".

"Yaxın Şərq bazarlarında genişlənmək, Avropaya ixraca başlamaq lazımdır"

Onun sözlərinə görə, Azərbaycan aqrar məhsullarının Yaxın Şərqə ixracını genişləndirə, eləcə də Avropaya ixrac edə bilər: “Bunun üçün isə fərqli yanaşmalar olmalıdır. Məsələn, ərəb ölkələrin bazarlarında Türkiyə və digər ölkələr böyük paya malikdir. Uzaq məsəfə olduğu üçün logistika məsələsi də ortaya çıxır. Lakin ölkənin aqrar məhsullarının ixracının 20-30%-nin ərəb ölkələrinin payına düşməsi Azərbaycan üçün mühüm yenilik ola bilər. Odur ki, Azərbaycan məhsullarının ərəb bazarlarında geniş təqdimatını etməlidir. Bu işi həyata keçirmək üçün isə vaxt lazımdır. Azərbaycan məhsulları bir müddətdən sonra ərəb bazarlarında yerini tuta biləcək, çünki bizim məhsullar çox keyfiyyətlidir. Bu istiqamətdə kompleks iş aparılmalıdır. Ümumiyyətlə, Azərbaycan məhsullarının Gürcüstana, İrana, ərəb ölkələrinə, Avropa İttifaqı ölkələrinə ixracını təmin edə bilərik".

"Sahibkarlara müəyyən güzəşt edilməlidir"

P.Heydərov həmçinin bildirib ki, hökumət sahibkarlar üçün digər ölkələrin bazarlarına çıxış imkanlarını asanlaşdırmalıdır: “Sahibkarlara müəyyən güzəşt edilməli, maliyyə dəstəyi, gömrük əməliyyatlarının sadələşdirilməsi kimi üstünlüklər verilməlidir. Aqrar məhsulların ixrac potensialından tam istifadə etmək istəyiriksə, biz xarici bazarlarda şaxələndirmə siyasətini genişləndirməliyik. Bu məsələdə sahibkarlar da böyük rol oynaya bilər. Lakin bir çox sahibkarlarda savadlılıq yetərli deyil. Sahibkarların çoxu rus dilini bildikləri üçün məhsullarını Rusiyaya ixracda maraqlı olurlar. Bununla yanaşı, xaricdə məhsullarımıza məhdudiyyət tətbiq ediləndə məhsullarımızı daxili bazara da sata bilmirik. Çünki həmin məhsulların maya dəyəri yüksəkdir. Bu, müəyyən zaman tələb edən məsələdir. Dövlət məhsulların reklamını təşkil etməklə yanaşı sahibkarlarla güclü iş aparmalıdır”.

“Qlobal Gab” sertifikatı lazımdır

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın pomidorunun ixrcanın genişləndiriləcəyini deyir. Onun sözlərinə görə, pomidor ixracı ilə bağlı hazırda Avropa və Körfəz ölkələrinin bazarları nəzərdən keçirilir: “Körfəz ölkələrinə ixrac üçün sahibkarlar “Qlobal Gab” sertifikatı əldə etməlidirlər. Bu istiqamətdə artıq işlərə başlanılıb. Pomidor istehsalı ilə məşğul olan bəzi xırda müəssisələrin korporativləşməsi istiqamətində də işlər həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi