Bakı. 18 dekabr. REPORT.AZ/
"Report" bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir.
Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İsrailə səfər çərçivəsində bu ölkənin İordaniya Haşimilər Krallığı ilə dövlət sərhədində yerləşən "Allenby" gömrük-buraxılış məntəqəsinə gəlib, burada gömrük orqanlarının iş prinsipi ilə yaxından tanış olub.
Nümayəndə heyətinin üzvlərinə bildirilib ki, gömrük-buraxılış məntəqəsində ən müasir texniki nəzarət vasitələri və innovativ layihələr tətbiq edilir. Eyni zamanda, nümayəndə heyətinə mallar və nəqliyyat vasitələrinin, şəxslərin asan və sürətli keçidinin təmin olunması, sərhədkeçmə prosesində təhlükəsizliyin təmin edilməsi üçün görülən işlər barədə məlumat verilib.
İsrailli mütəxəssislər azərbaycanlı həmkarlarına sərhədkeçmə prosesi, gömrük nəzarəti prosedurları və elektron gömrük xidmətlərinin tətbiqini əyani şəkildə də nümayiş etdiriblər.
"Allenby" gömrük-buraxılış məntəqəsində gömrük işinin təşkili sahəsində görülən işlərdən məmnunluq duyan Azərbaycan nümayəndə heyətinin üzvləri burada həyata keçirilən yeniliklərdən faydalanmağın və tətbiq etməyin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.