Bakı. 1 oktyabr. REPORT.AZ/ "Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının növbəti iclası gələn ilin əvvəlində Böyük Britaniyada keçiriləcək".
Bunu "Report"a açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Philip Barclay bildirib.
"Bu iclas iki ölkə arasında ticarət və investisiya imkanlarını nəzərdən keçirmək üçün yaxşı imkan olacaq. Ümid edirik ki, danışıqlar paytaxt Londondan kənarda baş tutar, bu isə iştirakçılara Kembric şəhərinin ətrafında yerləşən yüksək texnologiya mərkəzlərinə səfər etmək şansı yaradar", - o qeyd edib.
Britaniya rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanda ölkəsinə məxsus 450 şirkət Azərbaycanda fəaliyyət göstərir: "Böyük Britaniya şirkətləri neft-qaz sektoru ilə yanaşı, tikinti, mədənçilik, dizayn, pərakəndə satış və təhsil kimi sahələrdə uğurla işləyir. Azərbaycana daha çox investesiya yatırılmasında marağımız böyükdür. Böyük Britaniyanın hazırda Azərbaycanda ən böyük investorlardan biridir. Britaniya hökuməti və Britaniya sənayesi ticarət əlaqələrini genişləndirmək niyyətindədir. Ümid edirik ki, kənd təsərrüfatı, səhiyyə, ətraf mühit, kosmos və elektron hökumət sahələrində imkanlarla bağlı yüksək səviyyəli dialoqu stimullaşdıra bilərik. Həmçinin kosmik sənayedə tərəfdaşlıq üçün imkanlar görürük".