ASK-nın Rəyasət Heyəti toplanıb
- 13 fevral, 2017
- 08:57
Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.
İclasda ölkədə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlardan, Konfederasiyanın fəaliyyətinin Strateji Yol Xəritəsinə uyğun qurulacağından söhbət açılıb.
İclası giriş sözü ilə açan Konfederasiyanın prezidenti Məmməd Musayev son vaxtlar ölkədə yaradılan biznes və investisiya mühiti barədə məlumat verib.
M.Musayev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi barədə sərəncamı özəl sektorun inkişafına yönələn addım kimi qiymətləndirib: “Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişafın əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyət göstərdiyi müddətdə kiçik və orta sahibklarlığın problemlərinin öyrənilməsi, mövcud problemlərin müvafiq qurumlara çatdırılması sahəsində bütün cari fəaliyyətini Strateji Yol Xəritəsinin hədəflərinə uyğun quracaq”.
İclas zamanı ASK-nın 2016-cı ildə fəaliyyəti barədə hesabat verilib, Konfederasiyanın ictimai həyatında baş verən yeniliklər barədə iclas iştirakçıları məlumatlandırılıb: “2016-cı ildə yadda qalan əlamətdar hadisə Azərbaycan Prezidentinin sərəncamı ilə hər il 25 aprel “Sahibkarlar Günü”nün təsis edilməsi olub. Sözügedən sərəncamın icrasından irəli gələrək 25 aprel 2017-cı il tarixdə “Sahibkarlar Günü”nə həsr olunmuş tədbirin keçirilməsi nəzərdə tutulur. ASK bu tədbirə bugündən hazırlaşmalıdır”.
Tədbirdə Konfederasiyanın baş katibi Orxan Bayramov ASK-nın fəaliyyətinin, onun daxili sturukturunun və komissiyalarının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinə” uyğunlaşdırılması zərurətindən söz açıb.
Daha sonra gündəlikdə qeyd olunan cari məsələlərin müzakirəsinə başlanılıb.