ASK ilə Rusiyanın Vladimir regionunun ixraca dəstək mərkəzi arasında əməkdaşlıq memorandumu imzalana bilər

Biznes
  • 21 sentyabr, 2018
  • 13:21
ASK ilə Rusiyanın Vladimir regionunun ixraca dəstək mərkəzi arasında əməkdaşlıq memorandumu imzalana bilər

Bakı. 21 sentyabr. REPORT.AZ/ Rusiyanın Vladimir regionunun sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) işgüzar görüş keçirib.

"Report" bu barədə ASK-ya istinadən xəbər verir. 

Görüşdə qurumun Baş katib əvəzi Kristina Məmmədova, onu müavini Fuad Hümbətov, Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin müdiri Arif Nəcimov və Dövlət orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsinin aparıcı mütəxəssisi Nurlana Həsənova iştirak edib. ASK-nın rəhbərliyi adından qonaqları və sahibkarları salamlayan Kristina Məmmədova ASK-nın fəaliyyəti barədə ətraflı məlumat verib, ölkəmizdə və xaricdə fəaliyyət göstərən sahibkarlar üçün ASK-nin həmişə öz imkanları çərçivəsində dəstək olmağa hazır olduğunu vurğulayıb.

Vladimir vilayətinin ixraca dəstək mərkəzinin direktoru Lyubov Piskunovanın rəhbərlik etdiyi nümayəndə heyətinə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və şirkət rəhbərləri daxildir. Görüşdə “Vladimir Steklo” MMC, “BioXimFarm” MMC, “Modul” MMC, “Adqeziv” MMC, “Evis Hand Made” MMC şirkət rəhbərləri və digər sahələri (qida, ağac emalı, şüşə istehsalı və maşınqayırama sənayesini) təmsil edən sahibkarlar da öz fəaliyyətləri barədə kiçik şifahi təqdimatlar edib və gələcəkdə Azərbaycanın sahibkarları ilə əməkdaşlığın təşkilati işlərində ASK-nın dəstəyini gözlədiklərini bildiriblər.

Nümayəndə heyəti adından Lyubov Piskunova ASK ilə Vladimir regionunun ixraca dəstək mərkəzi arasında əməkdaşlıq memorandumunun imzalanmasını da təklif edib ki, bu da həm iki təşkilat arasında əməkdaşlığın gücləndirilməsinə, həm də sahibkarlar üçün yeni imkanların yaradılmasına təkan verəcək.

Görüş yeni əməkdaşlıqların qurulması mexanizmləri barədə müzakirələrlə yekunlaşıb.