"ASAN Xidmət" mərkəzlərində sahibkarlara lisenziyaların verilməsinə başlanılıb

"ASAN Xidmət" mərkəzlərində sahibkarlara lisenziyaların verilməsinə başlanılıb Lisenziyaların sayının minimuma endirilməsi, qaydaların sadələşdirilməsi və şəffaflığın təmin edilməsinə dair konkret təkliflər hazırlanır
Biznes
5 Noyabr , 2015 15:49
ASAN Xidmət mərkəzlərində sahibkarlara lisenziyaların verilməsinə başlanılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ "Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb. Bu gün 5 saylı "ASAN xidmət" mərkəzində ilk olaraq nəqliyyat sahəsi üzrə, yəni avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar və taksi minik avtomobillərində sərnişindaşıma fəaliyyəti üzrə lisenziyalar sahibkarlara təqdim olunub". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda verilən lisenziyaların sayının minimuma endirilməsi, qaydaların sadələşdirilməsi və şəffaflığın təmin edilməsinə dair konkret təkliflər hazırlanır: "Təkliflər qısa müddət ərzində aidiyyəti üzrə təqdim olunacaq. Ona görə də yeni lisenziyalaşdırılan fəaliyyət növü üzrə lisenziya əldə etmək istəyən sahibkarlar bir qədər gözləsinlər. Çünki hazırda nazirlik tərəfindən lisenziyaların sayının azaldılması istiqamətində işlər görülür".

Nazir müavini qeyd edib ki, noyabrın 2-dən etibarən vaxtı bitmiş və yenisi ilə əvəz olunan lisenziyalarla bağlı sənədlərin qəbuluna başlanılıb: "Bu gün həmin lisenziyalar sahibkarlara təqdim olundu. Yeni fəaliyyətə başlamaq üçün lisenziya almaq istəyənlərə gözləmək tövsiyə olunur. Hazırda 23 dövlət qurumu tərəfindən 59 fəaliyyət növü lisenziyalaşdırılır. Həmin lisenziyaların sayının azaldılması üçün işlər görülür. Noyabrın 2-dən bu günədək lisenziyaların yenilənməsi ilə bağlı 600 müraciət daxil olub. Onlardan 57 lisenziya ilə bağlı müraciət icraata götürülüb. Qısa müddətdə həmin lisenziyalar sahiblərinə təqdim olunacaq". 

Son xəbərlər

Orphus sistemi