Azərbaycanda yeni Gömrük Məcəlləsinin hazırlanması istiqamətində işlər aparılır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") hazırladığı "Ağ sənəd"də bildirilir.
"Yeni Məcəllə idxal-ixrac əməliyyatlarını, bu sahədə inzibatçılığı tənzimləyən qanunvericilik aktı olmaqla yanaşı, eyni zamanda, ölkənin investisiya mühitini formalaşdıra və beynəlxalq ticarət iştirakçılarının fəaliyyət modelinə ciddi təsir edə bilən bir sənəddir: Bu səbəbdən, biz inanırıq ki, biznes mühitinə mənfi təsirin minimallaşdırılması və investisiya mühitinə müsbət təsirin təmin edilməsi məqsədilə aşağıdakı prinsip və sahələr yeni Məcəllədə öz əksini tapmalıdır.
Mövcud gömrük nəzarət mexanizmi malların sərhədboyu sərbəst hərəkəti üçün ciddi əngəllər törədir. Hesab edirik ki, çox ağır qanunvericilik tələblərinin mövcudluğu, yekunda izafi sayda sənəd təqdim etmə tələbləri, nəzarət tədbirlərini həyata keçirməli olan gömrük inspektorlarının çatışmazlığı və nəticədə gömrük post və dayanacaq parklarında kütləvi sayda nəqliyyat vasitələrinin qaydasız formada toplanmasına səbəb olur. Zənnimizcə, yeni Gömrük Məcəlləsi xüsusilə biznes prioritetlərinin gömrük nəzarət mexanizmləri üzərində üstün hüquqlarını, gömrük qurumunun nəzarət tədbirləri səbəbi ilə biznes əməliyyatlara dəymiş zərərə görə məsuliyyətin olmasını, eləcə də gömrük nəzarət tədbirlərinin vaxtının biznes ehtiyaclara əsasən uyğunlaşdırılmalı olduğunu vurğulamalıdır.
Beynəlxalq sazişlərin, Hasilat Pay Bölgüsü sazişlərinin (HPBS), Tranzit ərazisinə malik ölkənin hökuməti ilə Sazişlərin (TƏMÖHS) mövcud olan gömrük müddəalarının yeni Məcəllədə əks olunması. Məlum olduğu kimi, Azərbaycanda Azəri-Çıraq-Günəşli yatağının kəşfiyyatı və işlənməsi üzrə ilk HPBS 1994-cü ilin sentyabr ayında bağlanmış və o vaxtdan etibarən Azərbaycan Respublikası və xarici investorlarla idxal-ixrac fəaliyyətləri ilə bağlı müddəaların yer aldığı 20-dən çox HPBS və bir sıra HGA-lər imzalanıb. Məcəllədə bu xüsusi gömrük rejimlərinin birgə mövcudluğu, eləcə də HPBS və HGA kimi beynəlxalq sazişlərin üstün hüquqi qüvvəsi xüsusilə qeyd olunmur. Ölkədə xüsusi rejimin və onun tətbiqi prinsiplərinin vurğulanması məqsədilə Məcəllənin 1.2-ci bəndi genişləndirilsə və ya digər, xüsusi bir 1.3-cü bəndi əlavə edilsə, bu məsələyə daha çox aydınlıq gətirilə bilər.
Yeni texnologiyalar, xüsusilə blokçeyn dünyada logistika sahəsində geniş tətbiq olunmaqdadır. Ümumdünya Gömrük Təşkilatının dəyərli üzvü kimi Azərbaycan digər üzv ölkələrlə bu sahədə əməkdaşlığa hazır olmalıdır. Bu baxımdan, rəqəmsal və blokçeyn texnologiyalarının potensial istifadəsi məsələsi Məcəllədə öz əksini tapmalı və onunla bağlı normativ baza yaradılmalıdır.
Qısa gömrük bəyannamələrinin zəruriliyi məsələsi biznes subyektləri tərəfindən çox müzakirə olunan bir mövzudur. Biz anlayırıq ki, qısa bəyannamələrin tətbiqində məqsəd nəqliyyat vasitələrinin sərhəd keçmə fəaliyyətinin sadələşdirilməsi olub. Lakin təcrübə göstərir ki, bu, bir çox hallarda malların hərəkətinə maneçilik törədərək biznes subyektlərinin cəzalandırılması və cərimələnməsi üçün əlavə alətə çevrilib. Hesab edirik ki, bu kimi təşəbbüslər könüllü xarakter daşımalıdır və standart (qısa bəyannamə olmadan) şərtlər altında sərhəd keçməyə görə heç bir halda cərimə nəzərdə tutulmamalıdır. Qısa bəyannamənin istifadəsi biznes subyektlərinə yüklərin boşaldılmasına və ya müvəqqəti saxlancdan istifadəyə imkan verməklə stimullaşdırılmalıdır. Belə ki, bu tədbirlər gömrük nəzarət mexanizmlərini sadələşdirir və gömrük orqanlarının iş yükünü azaldır", - deyə sənəddə qeyd olunub.
Palata rəsmiləri hesab edir ki, artıq ödənilmiş gömrük rüsumlarının və digər vergilərin geri qaytarılması ilə bağlı çətinliklər hazırda biznes subyektlərinin qarşılaşdığı ciddi məsələlərdən biridir: “Artıq ödənilmiş məbləğin necə geri ödənilməsi və ya onun digər hüquqi şəxslərə və vergilərə qarşı əvəzlənməsinə dair dəqiq mexanizm yoxdur. Bu mexanizm Məcəllədə təsvir olunmalıdır.
Malların gömrük dəyəri - qurumların və onların təmsil edən şəxslərin qəbul etdiyi zərərverici qərarlarla bağlı fərdi məsuliyyətin tətbiq olunması ilə bağlı müsbət tendensiya müşahidə edilir. Belə ki, 224.4-cü bənddə qərarı daha yüksək gömrük orqanları və ya məhkəmə tərəfindən rədd edilmiş məsul işçiyə qarşı inzibati tədbirlərin görülməsini təsvir edir. Bununla belə, hesab edirik ki, bu tədbirlər yetərli deyil və malların gömrük dəyəri ilə bağlı qərarların qəbulu beynəlxalq təcrübədə də olduğu kimi konkret hallarla məhdudlaşmalıdır. Zənnimizcə, malların gömrük dəyəri bütün hallarda üçüncü tərəflərin təqdim etdiyi hesab-faktura (və ya qaimə) ilə təsdiq olunmuş malların əməliyyat dəyəri olmalıdır. Burada istisna olaraq əlaqəli tərəflər arasında Vergi və gömrük 99 əməliyyatları qeyd etmək olar ki, bu zaman beynəlxalq səviyyədə tanınan transfer qiymətləndirmə metodlarından biri tətbiq olunmalıdır.
Digər mühüm məsələ isə müvəqqəti idxalla bağlıdır. Müvəqqəti idxal olunan malların müddəti və şərtlərin mümkün uzadılması ilə bağlı tətbiq olunan təcrübədə son dövrdə dəyişikliklər müşahidə edilir. Qanunvericilikdə “istisna hallar”a istinad olunur ki, bu da öz izahını tapmalıdır. Məsələn, neft-qaz müəssisələri üçün dənizdə quraşdırılan bəzi avadanlıqlar, nüvə kimya sənayesi və s. qanunvericilikdə istisna hallar kimi sadalana bilər.
Yeni məcəllənin tətbiqi tarixi ölkədə fəaliyyət göstərən biznes subyektləri üçün əhəmiyyət kəsb edən növbəti məsələdir. Biznes subyektləri zəruri hallarda yeni tələblərlə uzlaşmaq məqsədilə öz əməliyyat modellərinə müvafiq dəyişikliklər etməlidirlər. Bir sıra hallarda, idxal-ixrac fəaliyyətləri müəyyən biznes subyektlərinə təsir edin əsas sahədir. Bu baxımdan, yeni Gömrük Məcəlləsinin tətbiqi kimi mühüm bir hadisə ölkədəki biznes subyektləri ilə geniş müzakirə olunmalı və onlar müvafiq qaydada məlumatlandırılmalıdırlar. Bununla bağlı hesab edirik ki, yeni Gömrük Məcəlləsinin tətbiqi ən azı 6 ay, yeni şərtlərin tətbiqi isə ən azı on iki ay əvvəlcədən elan olunmalıdır”.