Altay diyarının hökumət sədrinin müavini: "Azərbaycanla ticarət dövriyyəsini iki dəfə artırmalıyıq"

Biznes
  • 18 may, 2018
  • 10:01
Altay diyarının hökumət sədrinin müavini: Azərbaycanla ticarət dövriyyəsini iki dəfə artırmalıyıq
Report

Bakı. 18 may. REPORT.AZ/ "Altay diyarı ilə Azərbaycan arasında ticarət dövriyyəsi, təəssüf ki, çox da böyük deyil. 2017-ci ildə bu rəqəm yalnız 8,5 milyon dollar olub. Bu göstəricini iki dəfə artırmalıyıq".

Bunu "Report"a Bakıda səfərdə olan Altay diyarının hökumət sədrinin müavini Viktor Meşeryakov deyib.

Onun sözlərinə görə, Azərbaycandan Rusiyanın bu diyarına ixracın səviyyəsi cəmi 32 min dollar təşkil edib.

Azərbaycanda keçirilən beynəlxalq qida sənayesi sərgisində və Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisində iştirakdan danışan V.Meşeryakov bildirib ki, tədbirlərə Altay diyarından müxtəlif istiqamətli (maşınqayırma, kimya, toxuculuq və qida emalı) 13 şirkəti təmsil edən 20 nəfər qatılıb.

Altay diyarının hökumət sədrinin müavini həmçinin sərginin təşkilindən məmnunluğunu ifadə edib: "İstədiyimiz bütün şirkətlərlə, rəsmilərlə görüşdük. On üç şirkətin hamısının rəhbərləri görüşlər keçirdi, tərəfdaşlar tapdı. Ümumi dəyəri 10 milyon dollar olan 18 min ton tərəvəz tədarükü üzrə 4 müqavilə bağlanıb. Bu, hələ ilk müqavilədir, başlanğıcdır. Mayın 21-dən etibarən yüklənməyə başlanılacaq. Ardından qoz-fındıq alacağıq".

V.Meşeryakov Altay diyarında mövcud olan infrastruktur və potensial azərbaycanlı investorlar üçün güzəştlərdən danışıb: "Diyarda iki logistik mərkəz var. Mərkəzlərdə böyük miqdarda meyvə-tərəvəz saxlamaq olar. Üstəlik, diyarımızda sahibkarlar üçün güzəştlər də tətbiq olunur. Məsələn, Qabaqcıl Sosial-İqtisadi İnkişaf Ərazisində yaradılmış müəssisələr 10 il ərzində cəmi 2 vergi istisna olmaqla, bütün vergilərdən azad olur".