Almanlar Azərbaycan sahibkarlarına peşə ixtisas təhsili ilə bağlı seminar keçiblər

Biznes
  • 16 fevral, 2018
  • 07:56
Almanlar Azərbaycan sahibkarlarına peşə ixtisas təhsili ilə bağlı seminar keçiblər

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Almaniyanın Maklenburq Ön Pomeraniya vilayətinin İqtisadi Tədris Mərkəzi ilə birgə həyata keçirdiyi “Peşə təhsili sahəsində tərəfdaşlıq” layihəsi çərçivəsində seminar keçirilib. 

Bu barədə “Report”a ASK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, ötən ildən icra edilən layihənin məqsədi dövlət-özəl əməkdaşlığı çərçivəsində işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi və bu prosesin ölkəmizdə təşviq olunmasıdır.

Alman və azərbaycanlı ekspertlərdən ibarət işçi qrupun üzvləri seminarda bu sahədə mövcud vəziyyəti və əldə olunmuş nəticələri müzakirə ediblər.

Peşə təhsili müəssisələrinin tələblərini və kadr ehtiyaclarının öyrənmək məqsədi ilə onlayn monitorinq sisteminin yaradılması istiqamətində əldə olunmuş nəticələr geniş müzakirə olunub.

“Monitorinq sistemi açıq və qapalı suallardan ibarət onlayn sorğudur. Bu konsepsiya işəgötürənlərin keyfiyyət və kəmiyyət tələblərinin və kadr ehtiyaclarını öyrənməyə imkan verəcək. Burada məqsəd peşə-ixtisas təhsili müəssisələri tərəfindən kiçik və orta biznes sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin tələblərinə uyğun kadrların hazırlanmasına nail olmaqdır”, - açıqlamasında qeyd edilir.

Məlumatda həmçinin o da bildirilir ki, seminarın sonunda qarşıdakı aylarda sahibkarlarla birgə seminarların keçirilməsi və monitorinqin mahiyyəti və məqsədi barədə işəgötürənləri məlumatladırmaq qərara alınıb.

44 filmi