Azərbaycanda Kiçik və Orta Biznes (KOB) müəssisələri ölkənin ümumi daxili məhsulunun (ÜDM) cəmi 13,4 %-ni təşkil edir.
“Report” xəbər verir ki, bu, Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azerbaijan") Azərbaycan, Belarus, Gürcüstan və Ukraynanın KOB nümayəndələri arasında keçirdiyi sorğu nəticəsində məlum olub.
Bundan başqa, sorğu KOB-ların ölkədəki məşğulluqda 42,9 % paya malik olduğunu üzə çıxarıb.
"2016-2017-ci illərdəki geriləmədən və durğunluqdan sonra 2018-ci ildə neft qiymətlərinin artması, təbii qaz hasilatı və ixracı hesabına Azərbaycan iqtisadiyyatının yeni rifah dövrü başladı və ÜDM-də 1,5 %-lik artım qeydə alındı. 2019-cu ildə isə Azərbaycan iqtisadiyyatı 2,2 % böyüyəyək 2014-cü ildən bəri ən yaxşı dinamika nümayiş etdirdi. Böyümə özünü qeyri-enerji sektorunda da göstərdi. Belə ki, bu sahə üzrə 3,5 %-lik artım qeydə alındı, xüsusilə kənd təsərrüfatı və xidmət sektorları genişləndi", - deyə "AHK Azerbaijan"ın hesabatında bildirilir.
Bundan başqa, sənəddə deyilir ki, 9 iqlim qurşağına malik Azərbaycan dünyada şabalıd, əncir, fındıq və albalı, çay, tütün, pambıq, çəhrayı üzüm və xurma kimi nadir məhsulların əsas istehsalçısıdır.
"Ölkədə əhalinin təqribən 47 %-i kənd yerlərində yaşayır, məşğulluğun isə təqribən 39 %-i kənd təsərrüfatı istehsalı və emalı sahələrinin hesabına təmin olunur. Əkinçilik ÜDM-in təxminən 6 % -ni təşkil edir, qeyri-neft iqtisadiyyatına böyük töhfə verir və böyüməni, iş yerlərinin açılmasını və ərzaq təhlükəsizliyini stimullaşdırmaq üçün böyük potensiala malikdir.
2018-ci ilin nəticələrinə görə, səyahət və turizmin Azərbaycan ÜDM-də payı 10,4 % olub və ölkədəki ümumi məşğulluğun 10 %-dən çoxunu təmin edib.
Azərbaycanın turizm sektorunun strategiyası əsasən biznes konfranslar və beynəlxalq idman tədbirləri kimi tədbirlərin təşkilinə fokuslanıb", - hesabatda qeyd olunub.