Tbilisidə gürcü dilinə tərcümə olunmuş “Heydər Əliyev: Tale yolları” kitabının təqdimat mərasimi keçirilib

Tbilisidə gürcü dilinə tərcümə olunmuş “Heydər Əliyev: Tale yolları” kitabının təqdimat mərasimi keçirilib Tbilisi. 12 dekabr. REPORT.AZ/ Rusiyanın tanınmış yazıçısı, tarixçi və araşdırmaçısı Nikolay Zenkoviçin müəllifi olduğu “Heydər Əliyev: Tale yolları” kitabı gürcü dilinə tərcümə olunub.
Xarici siyasət
12 Dekabr , 2018 20:01
Tbilisidə gürcü dilinə tərcümə olunmuş “Heydər Əliyev: Tale yolları” kitabının təqdimat mərasimi keçirilib
Report

Tbilisi. 12 dekabr. REPORT.AZ/ Rusiyanın tanınmış yazıçısı, tarixçi və araşdırmaçısı Nikolay Zenkoviçin müəllifi olduğu “Heydər Əliyev: Tale yolları” kitabı gürcü dilinə tərcümə olunub.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Gürcüstan Milli Elmlər Akademiyasında (GMEA) kitabın təqdimat mərasimi keçirilib.

Tədbiri GMEA-nın prezidenti Giorgi Kvesitadze açaraq bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünün qeyd olunduğunu deyib.

O, rəhbərlik etdiyi qurumun Heydər Əliyevə həsr olunmuş kitabın təqdimat mərasiminə ev sahibliyi etməsindən qürur duyduğunu söyləyib. G.Kvesitadze Azərbaycanın ümummilli liderinin Gürcüstanla münasibətlərə verdiyi xüsusi diqqətdən söz açıb və gürcü oxucuların “Heydər Əliyev: Tale yolları” kitabını böyük maraqla qarşılayacağına əminliyini ifadə edib. O, kitabı gürcü dilinə tərcümə edən İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Cabuki Kiriyaya təşəkkürünü bildirib.

Sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla Heydər Əliyevin xatirəsini yad ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında ulu öndər Heydər Əliyevin azad və müstəqil Azərbaycan dövlətinin quruculuğunda müstəsna xidmətlərindən ətraflı söz açıb. Diplomat məhz Heydər Əliyevin sayəsində Azərbaycan və Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib.

Milli Məclisin üzvü Rasim Musabəyov müstəqil Azərbaycan üçün Gürcüstanın ən vacib ölkə olduğunu deyib: “Heydər Əliyev Gürcüstanla münasibətlərə xüsusi önəm verib. Geosiyasi baxımdan Azərbaycan və Gürcüstan Xəzər və Qara dəniz arasında körpü rolunu oynayır. Azərbaycanın müstəqilliyi Gürcüstanın müstəqilliyi, Gürcüstanın müstəqilliyi isə Azərbaycanın müstəqilliyidir. İllər ötdükcə Heydər Əliyevin müəllifi olduğu ideya və layihələrin mahiyyəti daha da böyüyəcək”.

Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri “Heydər Əliyev: Tale yolları” kitabının işıq üzü görməsində əməyi keçən hər kəsə təşəkkür edib: “Mən tez-tez Azərbaycana səfər edirəm və ümummilli lider Heydər Əliyevi necə çox sevdiyini görürəm. Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev onun siyasətini bu gün uğurla davam etdirir. Gürcüstan-Azərbaycan münasibətlərində heç zaman heç bir problem olmayıb və bundan sonra da belə olacağına əminəm”.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov “Heydər Əliyev: Tale yolları” kitabının 2006-cı ildə işıq üzü gördüyünü diqqətə çatdırıb: “İşıq üzü görməsindən on ildən çox müddətin keçməsinə baxmayaraq, kitab bu gün də aktuallığını qoruyub saxlayır və nəşrin gürcü dilində çap olunması bunu sübut edir”.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Heydər Əliyevin Azərbaycan və Türkiyəni "bir millət, iki dövlət" adlandırdığını qeyd edib: “Heydər Əliyev daima Azərbaycan xalqının yaddaşında yaşayacaq. Türkiyə, Azərbaycan və Gürcüstan bölgədə sabitlik, təhlükəsizlik və iqtisadi inkişafa nail olmaq üçün səylərini birləşdiriblər”.

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Zurab Qumberidze Heydər Əliyevin sayəsində bölgədə çox əhəmiyyətli layihələrin həyata keçirildiyini deyib: “Heydər Əliyev böyük siyasətçi olmaqla yanaşı, həm də səmini insan idi. Mənim üçün o zamanlar gənc diplomat kimi Heydər Əliyevlə çalışmaq böyük fəxr idi. Gənc diplomatlar ondan çox şey öyrənirdilər. Azərbaycanda və Gürcüstanda onu heç zaman unutmayacaqlar”.

Daha sonra çıxış edən gürcü akademik, ziyalı və politoloqlar ümummilli lider Heydər Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında oynadığı rol, çətin zamanlarda Gürcüstana göstərdiyi köməkdən və onunla bağlı xoş xatirələri barədə danışıblar.

Təqdimat mərasiminin sonunda Gürcüstanın tanınmış jurnalisti Zurab Dvalinin müəllifi olduğu ulu öndər Heydər Əliyevə həsr olunmuş “Dostluq əhdi” (“Завет дружбы”) sənədli filmi nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi