Bakıda 300 xarici iştirakçının qatılacağı turizm tədbiri keçiriləcək

Bakıda 300 xarici iştirakçının qatılacağı turizm tədbiri keçiriləcək Bu onlayn tədbir aprelin 29-da Bakıda keçirilməsi planlaşdırılan, ancaq pandemiyaya görə təxirə salınan “Travel Businness Azerbaijan 2020” tədbirinə alternativ olaraq təşkil olunur.
Turizm
13 Avqust , 2020 11:23
Bakıda 300 xarici iştirakçının qatılacağı turizm tədbiri keçiriləcək

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə oktyabrın 14-də “Travel Business Azerbaijan Online” tədbiri təşkil olunacaq.

Bu barədə “Report” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə Avropa və Körfəz ölkələri, Rusiya və MDB ölkələri, Çin və Cənub-Şərqi Asiya, eləcə də Hindistan və Cənubi Asiya ölkələrindən 300-ə qədər xarici iştirakçının qatılacağı gözlənilir. Eyni zamanda, tədbirə Azərbaycanın turizm və hotel sənayesini təmsil edəcək 200 nümayəndə dəvət olunacaq.

Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaq və qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.

“TBA Online” zamanı yerli və xarici iştirakçılar bir-biri ilə görüşlər təyin etmək imkanı əldə edəcəklər. Bundan əlavə, platformada xüsusi alqoritmlə istifadəçilərin uyğunlaşdırılması sistemi istifadə olunacaq ki, bu da iştirakçıların öz maraq və profilinə uyğun avtomatik yönləndirilməsi ilə nəticələnəcək.

Görüşlərdən əlavə, yerli sərgi iştirakçılarının təqdimatında müxtəlif vebinarlar da təşkil olunacaq.

Platformadan istifadə edərkən iştirakçılar, həmçinin müxtəlif mövzularda maraqlı videolar izləyə, broşuralar, jurnallar yükləyə və xəritə üzrə Azərbaycanın turizm potensalını kəşf edə bilərlər. 

Saat 05:00-dan 21:00-a qədər davam edəcək tədbirdə iştirak üçün qeydiyyata avqustun 17-dən start veriləcək. Tədbirdə iştirak ödənişsizdir.

Qeyd edək ki, onlayn keçiriləcək tədbir aprelin 29-da Bakıda keçirilməsi planlaşdırılan, ancaq pandemiyaya görə təxirə salınan “Travel Businness Azerbaijan 2020” tədbirinə alternativ olaraq təşkil olunur.

“Travel Business Azerbaijan Online” tədbiri pandemiya dövründə Azərbaycanın turizm imkanlarının onlayn platformalar üzərindən tanıdılması fəaliyyətinin davamı olaraq çıxış edir.

Tədbir haqqında daha ətraflı məlumatı https://travelbusiness.az/ saytından əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi