Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Amanı Əhmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 30-na təyin edilib.
İttiham aktına əsasən, A.Əhmədova Səbinə Məmmədovanı (ad, soyadı şərti) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb, cinsi istismara məruz qoyub.
Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib. A.Əhmədova "İnterpol" xətti ilə beynəlxalq axtarış verilib.
Bu il isə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. A.Əhmədovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.