Miloş Velebit: "Elit Məşq" layihəsi sayəsində regionlarda milli komandalar üçün futbolçu seçə biləcəyik"

Miloş Velebit: "Elit Məşq" layihəsi sayəsində regionlarda milli komandalar üçün futbolçu seçə biləcəyik" Bu gün AFFA-nın inzibati binasında aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının koordinatoru Miloş Velebit tərəfindən “Elit Məşq” layihəsinin təqdimatı olub.
Futbol
23 Avqust , 2019 12:50
Miloş Velebit: Elit Məşq layihəsi sayəsində regionlarda milli komandalar üçün futbolçu seçə biləcəyik

Bu gün AFFA-nın inzibati binasında aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının koordinatoru Miloş Velebit tərəfindən “Elit Məşq” layihəsinin təqdimatı olub.

"Report" xəbər verir ki, serbiyalı mütəxəssis "Elit Məşq"in ən vacib layihələrdən biri olacağını söyləyib: "Bu layihə üzərində böyük məsuliyyətimiz var. Gələcəkdə nəticə qazanmaq üçün indidən sistemimizin necə işləyəcəyini düşünməliyik. İstənilən ölkədə hazırkı nəticələri nəzərə alsaq, onlar bu gündən asılı olmur. Bizim plan və proqramlarımız olsa, gələcəkdə müsbət nəticələr əldə edəcəyik. Əlbəttə, səbrli olmalıyıq, vaxt lazımdır. Sistem işləsə, gələcəkdə milli komandalarda da tətbiq edəcəyik". 

Velebitin sözlərinə görə, "Elit Məşq" layihəsi ölkənin 10 regionunda 2005-2008 təvəllüdlü uşaqlar arasında 16 nöqtədə tətbiq olunacaq: "Prosesə 26 məşqçi cəlb edəcəyik. AFFA tərəfindən məşqçilərə nəzarət edəcək 8 mütəxəssis ayrılacaq. Bundan başqa, bütün nöqtələrdə kameralar quraşdırılacaq. Layihə çərçivəsində 5 müxtəlif proqram olacaq. Bunlar yaş qrupları üzrə tətbiq ediləcək. Müxtəlif metod və tapşırıqlardan ibarət olacaq. Artıq 6 aydır ki, proqramdakı bəndlərə uyğun olaraq 16 və 17 yaşlı futbolçularla tətbiq edirik. Hər həftə 2 məşq olacaq. Bir tsikl 4 ayı əhatə edəcək. Bu müddətdə həm taktiki, həm də texniki məşqlər olacaq. Hər ayın sonunda yoxlama matçları keçirəcəyik. İki tskil bitdikdən sonra milli komandalar səviyyəsində təlim-məşq toplanışları təşkil edəcəyik. Planımız düzgün getsə, milli komandalar üçün futbolçular seçə biləcəyik. Regionlardan seçilən həmin uşaqlarla çalışacağıq. Bu layihədə iştirak edəcək bütün məşqçiləri "Dalğa Arena"da təlim-məşq toplanışına dəvət edəcəyik. Bu proses davamlı olacaq. Bu işə bizim AFFA-dakı məşqçilərimiz də dəstək verəcək. Gələcəkdə bütün milli komandalar və futbolçular üçün planlar tərtib edəcəyik. Baza yaradaraq bütün futbolçuları qeydiyyata alacağıq. Bütün proqramlara yeni prinsiplər tətbiq edəcəyik. Klublarla da əlaqələrimizi elə quracağıq ki, onlar da bundan istifadə etsinlər. Biz futbolçuları yalnız 10-15 günlük toplanışlarda görürük. Qalan vaxt klublarda olurlar. Məqsədimiz U-21 və əsas milli komanda üçün futbolçu yetişdirməkdir. Bu proqramı artıq Serbiya Futbol Federasiyasında tətbiq ediblər. Əlbəttə, eyni deyil. Hər ölkənin spesifik xüsusiyyətləri var. Vaxt keçdikcə proqramı təkmilləşdirəcəyik".

Əcnəbi mütəxəssis artıq Serbiyanın "Elit Məşq" layihəsinin bəhrəsini gördüyünü deyib: "Serbiyada bu proqrama 2006-cı ildə start verildi. Həmin proqram sayəsində formalaşan U-19 yığması 2013-cü ildə Litvada Avropa çempionu oldu. 2015-ci ildə isə U-21 millisi dünya çempionatında qalib gəldi. Həmin komandanın 80 faizi hazırda Serbiyanın əsas yığmasını təşkil edirlər. Buna misal olaraq "Real Madrid"də çıxış edən Luka Yoviç və "Latsio"da oynayan Sergey Milinkoviç-Saviçi göstərə bilərəm".

Son xəbərlər

Orphus sistemi