Azərbaycan yığması səfərdə Norveçə məğlub olub - VİDEO

Azərbaycan yığması səfərdə Norveçə məğlub olub - VİDEO Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
2 Sentyabr , 2017 00:39
Azərbaycan yığması səfərdə Norveçə məğlub olub - VİDEO
Foto: Report.az

Oslo. 2 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində VII tur matçına çıxıb.

"Report"un məlumatına görə, Robert Prosineçkinin baş məşqçisi olduğu kollektiv Osloda Norveç yığması ilə qarşılaşıb.

Ullevaal stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. 32-ci dəqiqədə Coşua Kinq Bədavi Hüseynovun rəqib futbolçuya etdiyi kobudluqdan sonra təyin olunmuş penaltini qola çevirib. 59-cu dəqiqədə isə kapitan Rəşad Sadıqov qapı qarşısına ötürmədən sonra uzaqlaşdırmaq istədiyi top qapıçı Kamran Ağayevə dəyərək tora daxil olub. 90-cı dəqiqədə isə Bədavi Hüseynov ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb.

Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçib. İlk yarıda Norveç dəfələrlə hücum etsə də, Azərbaycan millisi rəqib qapısına doğru zərbə belə vura bilməyib. İkinci hissədə nisbətən fəallaşan qonaqlar bir neçə qol imkanı yarada biliblər. Lakin ötürmələrdə xeyli səhvə yol verən Prosineçkinin komandası sönük və məzmunsuz oyunla ardıcıl dördüncü məğlubiyyətlə barışmalı olub.

Bu nəticədən sonra Norveç də xallarını 7-yə çatdırıb və şəxsi oyunlardakı üstünlüyü səbəbindən (2:0, 0:1) Azərbaycan yığmasını keçib. Hazırda Norveç və Azərbaycan 4-5-ci yerlərdə qərarlaşıb.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

VII tur, C qrupu

1 sentyabr

22:45. Norveç – Azərbaycan - 2:0

Qollar: Coşua Kinq, 32. Rəşad Sadıqov, 60 (öz qapısına)

Qırmızı vərəqə: Bədavi Hüseynov, 90

Baş hakim: Daniel Stefanski

Baş hakimin köməkçiləri: Robert Marcin Boniek, Dawid Golis

Dördüncü hakim: Bartosz Frankowski

(Hakimlər Poşadandır)

Hakim-inspektor: Jones Peter (İngiltərə)

Komissar: Nicolae Camelia (Rumıniya)

Oslo. "Ullevaal” stadionu

Son xəbərlər

Orphus sistemi