Vaqif Əliyev: "SOCAR-ın Gürcüstanda ciddi rolu var"

Vaqif Əliyev: "SOCAR-ın Gürcüstanda ciddi rolu var" Gürcüstanın İran, yaxud da Rusiyadan qaz almaq üçün danışıqlar aparmasında qəribəlik yoxdur
Energetika
7 Yanvar , 2016 13:43
Vaqif Əliyev: SOCAR-ın Gürcüstanda ciddi rolu var

Bakı. 7 yanvar. REPORT.AZ/ İran regionda çox güclü iqtisadi dayaqları olan bir dövlətdir. Qlobal sanksiyaların İran üzərindən götürülməsi bu ölkənin həm bölgədə, həm də daha geniş miqyasda daha ciddi rol almaq istəyini qabardacaq. Bu mənada İranın Ermənistan üzərindən Gürcüstana qaz çatdırması mümkün variantlardan biri kimi proqnozlaşdırılır. Amma gəlin dəyərləndirək, bu miqdar, bu bazar İran üçün nə qədər önəmli ola bilər?!

"Report" ANS TV-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev İranın Gürcüstana qaz nəql etməsi ilə bağlı aparılan müzakirələri şərh edərkən bildirib.

İranın Gürcüstana qaz nəql etməsinin Azərbaycanın bu ölkənin bazarındakı roluna təsirinə gəlincə isə V. Əliyev qeyd edib ki, Gürcüstan Azərbaycanın yaxın qonşusu olmaqla yanaşı, strateji müttəfiq səviyyəsində iş birliyi qurduğu dövlətlərdəndir.

"Gürcüstanın İran, yaxud da Rusiyadan qaz almaq üçün danışıqlar aparmasında qəribəlik yoxdur. Hər bir dövlət daxili və xarici siyasətini özü müəyyən edir. Azərbaycanla da strateji iş birliyinin müəyyən edilməsi Gürcüstan dövlətinin siyasi seçimidir. Biz burada ciddi təhlükə görmürük. SOCAR-ın Gürcüstanda ciddi rolu var, SOCAR ciddi mövqeyə malik şirkət kimi tanınır. Şirkətimiz son 5 ildə Gürcüstanın ən böyük şirkəti və ən böyük vergi ödəyicisidir. 2015-ci ilin nəticələri açıqlanmasa da bu statusu qoruyub saxladığımıza əminəm" - V.Əliyev əlavə edib.

O xatırladıb ki, Gürcüstan hökuməti ilə uzun illərdir imzalanan anlaşma var: "Anlaşma nəticəsində Gürcüstanın qaz təchizatının əsas oyunçusu Azərbaycan mənşəli qaz, o cümlədən SOCAR-dır. Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə "Şahdəniz" yatağının birinci fazası üzrə Türkiyəyə nəql olunan qazın tranzit haqqı kimi Gürcüsatana təbii qaz verilir. Eyni zamanda, Gürcüstan Şahdəniz-1 qazının alıcısıdır. Həmçinin SOCAR da Gürcüstana qaz satır. Gürcüstan hökuməti ilə anlaşmamız 2030-cu ilə qədərdir. Bu anlaşmaya görə biz əsas təchizatçılardan biriyik. Digər mənbə isə Ermənistana Rusiyadan ötürülən qazın tranzit haqqı kimi çatdırılan qaz payıdır" - deyə, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi bildirib.

Son xəbərlər

Orphus sistemi